Ali təhsil ocağında Pedaqogika və psixologiya kafedrasının dosenti, pedoqogika üzrə fəlsəfə doktoru Vahid Rzayevin 70 illik yubileyi qeyd olunub

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ömrünün 43 ilini Naxçıvan Dövlət Universitetində pedaqoji yönümlü ixtisaslarda təhsil alan tələbələrə həsr edən Vahid Rzayev nümunəvi müəllimdir. Rektor vurğulayıb ki, özünəməxsus tədqiqat əsərlərin müəllifi kimi seçilən yubliyar elm sahəsində qazandığı uğurlarla universitet tarixində iz qoyan alimlərdəndir. Diqqətə çatdırılıb ki, gənc nəslin yetişməsinə mühüm töhfələr verən Vahid müəllim muxtar respublikada və Azərbaycanda uğurla fəaliyyət göstərən pedaqoji kadrların hazırlanmasında xüsusi xidmətləri ilə seçilir. Elbrus İsayev yubliyara universitetin fəxri fərmanını və gül dəstəsini təqdim edərək ona sağlam ömür və işlərində uğurlar arzu edib.

Universitetin Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev işinə xüsusi diqqət və məsuliyyətlə yanaşan Vahid müəllimin fakültədəki fəaliyyətindən bəhs edib və onunla bağlı xoş xatirələrini bölüşüb.

Pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyev Vahid Rzayevin çoxşaxəli elmi fəaliyyətindən danışıb. Azərbaycanda pedaqogika sahəsində öz yeri olan Vahid müəllimin əməyinin dövlət tərəfindən yüksək qiymətləndirilərək 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi fəxri adına layiq görüldüyünü diqqətə çatdırıb.

Pedaqogika və psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Orucova Vahid Rzayevin pedaqoji fəaliyyətindən bəhs edərək bildirib ki, tələbələrlə hər zaman yaxından maraqlanaraq onların böyük sevgisini qazanan alim öz peşəsinə daim sevgi ilə yanaşır. Qeyd olunub ki, Vahid müəllimin tədqiqat sahəsi Azərbaycan məktəb və pedaqoji fikir tarixinin tərkib hissələrindən biri olan Naxçıvan mədəni mühiti, burada məktəb təhsilinin və yeni pedaqoji ideyaların yayılması və inkişaf mərhələsi ilə bağlıdır.

Çıxış edənlər yubliyar haqqında xatirələrini bölüşərək ünvanına xoş fikirlər səsləndirib və hədiyyələr təqdim ediblər.

Sonra yubliyar ziyalılara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıq edərək bundan sonra da elmi fəaliyyətində yeniliklər edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Vahid Məmməd oğlu Rzayev 1952-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şərur qəsəbəsində anadan olub. 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə Şərur rayonunun Aşağı Daşarx kənd səkkizillik məktəbində başlayan Vahid Rzayev 1979-cu ildə universitetin Pedoqogika və psixologiya kafedrasının müəllimi, 2001-ci ildə həmin kafedranın baş müəllimi, hazırda isə dosent vəzifəsində çalışır, 2 monoqrafiyanın, 7 kitabın, 3 metodik vəsaitin və 100-dən artıq elmi məqalənin müəllifidir. Vahid Rzayev nüfuzlu beynəlxalq konfranslarda iştirak edib, həmçinin Azərbaycan məktəb və pedoqoji fikrinin bir sıra problemlərinə aid məqalələr nəşr etdirib.

Əsərləri Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İngiltərə, ABŞ və Avstriyanın elmi jurnallarında nəşr olunub. Vahid Rzayev 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.