Ali təhsil ocağında şair Elxan Yurdoğlunun tərcüməçilik fəaliyyətinə həsr edilmiş tədbir keçirilib
Naxçıvan Dövlət Universiteti „ Xarici Dillər“ fakültəsində muxtar respublikanın tanınmış ziyalılarından olan şair-publisist, tərcüməçi Elxan Yurdoğlunun yaradıcılığına həsr olunmuş görüş keçirilib. “Şair Elxan Yurdoğlunun tərcümə fəaliyyəti” mövzusunda tədbiri giriş sözü ilə açan fakültə dekanı Şirməmməd Qulubəyli şairin bədii yaradıcılığı haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Elxan Yurdoğlunun poetizmi, ümumi yaradıcılıq yolu, poeziyaya gəlişi haqqında məlumat verərək şairin yaradıcılığından bəzi şeir nümunələri səsləndirib.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova şairin tərcüməçilik fəaliyyəti haqqında danışıb. Bildirilib ki, Elxan Yurdoğlu türk dillərindən müxtəlif vəznlərdə kiçik və irihəcmli olmaqla nəzm və nəsr nümunələri tərcümə etməklə yanaşı, öz şeirlərinin də müxtəlif dillərə tərcümə olunaraq yayılmasına nail olub.
Sonda şair-publisist, tərcüməçi Elxan Yurdoğlu öz yaradıcılığından bəzi şeir nümunələri səsləndirib. Tələbələr də şairin şeirlərindən bədii qiraət ediblər.
Sualları cavablandırılan tələbələrə şairin imzaladığı şeir kitabları hədiyyə edilib.