Ali təhsil ocağında “Təhsildə rəqəmsallaşdırma: Elektron təhsil və informasiya cəmiyyəti” mövzusunda onlayn respublika elmi konfransı keçirilib

Ali təhsil ocağında “Təhsildə rəqəmsallaşdırma: Elektron təhsil və informasiya cəmiyyəti” mövzusunda onlayn respublika elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində “Təhsildə rəqəmsallaşdırma: Elektron təhsil və informasiya cəmiyyəti” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 2003-cü ildə qəbul edilmiş “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilib. Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atıldığını diqqətə çəkən rektor muxtar respublikada bu sahədə görülən işlərdən danışıb. Elbrus İsayev dövlətimizin təhsilin inkişafına göstərdiyi böyük qayğının nəticəsi olaraq ali təhsil ocağında İKT-nin uğurlu tətbiqindən danışıb. Vurğulanıb ki, universitetdə 2012-ci ildən hazırlıqlarına başlanılan “Naxçıvan Dövlət Universiteti üçün elekron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastruktrunun yaradılması” layihəsi çərçivəsində 2015-ci ildən etibarən də İnformasiya-Kommunikasiya Texnologiyaları mərkəzi istifadəyə verilib. Tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilməsinə tam nail omaq, distant təhsili həyata keçirmək, universitetdə keçirilən elektron test imtahanlarında edilən dəyişikliklər bu sahənin ciddi inkişafından xəbər verir. Vurğulanıb ki, ali təhsil ocağında “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin icrası və elektron universitetin fəaliyyətə başlaması Azərbaycan ali təhsil məkanında büdcəsinə  və layihəsinin genişliyinə görə ən irihəcmli və əhəmiyyətli layihələrdən biri kimi tarixə düşüb. Elektron təhsil, onlayn Sənəd dövriyyəsi, akademik idarəetmə və s. kimi təhsilinin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet təhsilin elektron vasitələrlə həyata keçirilməsini, eyni zamanda elektron imtahanları da əhatə edir. Rektor vurğulayıb ki, universitetə qəbul olunmuş tələbələrə LMS sistemindən istifadə üçün istifadəçi adı və şifrəsi təqdim edilib, LMS sistemində dərslərin yerləşdirilməsi davam etdirilib, Memarlıq və mühəndislik fakültəsində “Elektron qeydiyyat jurnalı” fəaliyyətə başlayıb. Rektor bildirib ki, universitetin Media Mərkəzində hazırlanmış teledərslər mütəmadi olaraq universitet televiziyası vasitəsilə tələbələrə çatdırılıb.

Rektor diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamına əsasən bu ilin iyun ayının 16 –da universitetdə Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Müasir dövrün tələbi olan bu layihənin əsas tələbi  dünya universitetləri sırasında öz yerini tutmaq və müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməkdir. Rektor layihənin gələcək perspektivlərindən danışıb və konfransın işinə uğurlar arzulayıb.

“IV sənaye dövründə elektron təhsildə inqilablar: meyllər və perspektivlər” adlı çıxışında AMEA İnformasiya Texnologiyaları  İnstitutunun Şöbə müdiri, texnika elmləri  üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev bildirib ki, təhsildə 4.0 texnologiyası smart, virtual və rəqəmsal bir inqilabdır. Vurğulanıb ki, bu müasir texnologiya tədris üçün ən yaxşı metod və üsullar təqdim edir və bu metodları modernləşdirərkən bir çox prosesi avtomatlaşdıraraq inzibati yükü azaldır. Firudin Ağayev elektron tədris sahəsində əsas anlayışlar, elektron təhsil standartlarına qoyulan tələblər, Big Datanın təhsildə rolundan danışıb.

Naxçıvan Dövlət Universiteti, Memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalov “Tədris robotları” adlı çıxışında bildirib ki, fakültədə bir ilə yaxındır ki, Robototexnika kabinəsi yaradılıb. Bildirilib ki, müasir  avadanlıqlarla təmin olunan kabinədə tələbələr həm tədris planına uyğun dərslər keçir, həm də sərbəst işlərini  layihələr hazırlamaqla təqdim edirlər. Diqqətə çatdırılıb ki, fakültədə Robotexnika, Süni intellekt, Mexatronika, Kodlaşdırma , Qeyri səlis məntiq nəzəriyyəsi və s. kimi müasir tələblərə cavab verə biləcək fənlər tədris olunur. Robotların növləri haqda danışan professor tədris prosesində robotların mühüm rolu,  Robotexnika elmi üçün vacib olan elmlər haqda məlumat verib. “Elektronika və informasiya texnologiyaları” kafedrasında tələbələrin  hazırladıqları ağıllı ev, ağıllı şkaf, ödənişli zibil qutusu layihələri haqda məlumat verilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Hacıyeva Onlayn tədris modelində universitetlərarası müştərək dərslərin və maarifləndirici tədbirlərin biologiya üzrə müəllim kadrlarının hazırlanmasında mühüm əhəmiyyətindən danışıb.

Naxçıvan Dövlət Universiteti İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli “Təhsilin keyfiyyətinə İKT-nin təsiri” adlı çıxışında  universitetdə elektron təhsil sistemindən, LMS (Örənmənin idarəolunması sistemi) haqda ətraflı məlumat verib.

Konfrans “Distant təhsil”, “İKT və təhsil”, “İnnovasiya və təhsil”, “Elm və təhsil”, “Yenilikçi tədris metodları” adlı 5 bölmə iclasları ilə davam edib. Qeyd edək ki, bölmələrdə 60 tədqiqatçı 48 mövzu ilə çıxış edib.