Ali təhsil ocağının “Kimya” kafedrasında “Stibium selen nazik təbəqələrinin işıqda və qaranlıqda fotoelektrokimyəvi xassələrinin tədqiqi” mövzusunda elmi- nəzəri seminar keçirilib
Naxçıvan Dövlət Universitetinin “Kimya” kafedrasında keçirilən elmi -nəzəri seminarı giriş sözü ilə açan Kimya kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru dosent Şəmil Mahmudov bu cür seminarların mühüm əhəmiyyət daşıdığını diqqətə çəkib.
Kafedranın müəllimi, kimya üzrə fəlsəfə doktoru Pərvin Quliyev qeyd edib ki, müxtəlif metodlar arasında elektrokimyəvi sintez metodu nazik təbəqələrin hazırlanması üçün ən optimal metodlardandır. Bu metodun üstünlüyü onun sadəliyi və məhsuldarlığı ilə seçilir ki, bu da nazik təbəqələrin çökdürülməsi zamanı çökmə prosesinə nəzarəti asanlaşdırır. Bildirilib ki, sadə və səmərəli elektrokimyəvi çökdürmə metoduna əsaslanaraq stibium selen nazik təbəqələri indium _ qalay oksidli şüşə elektrodlar üzərində çökdürülüb və fotohəssaslıq xassələri təqdiq edilib. Vurğulanıb ki, stibium selen nazik təbəqələrinin işıqda və qaranlıqda fotoelektro kimyəvi xassələrinin tədqiq edilməsi bəhs olunan təbəqələrin potensial adsorbent olmasının müəyyənləşdirilməsi üçün əsas amillərdəndir.