Ali təhsil ocağının müəllimi Şükür Məmmədovun 70 illik yubileyi keçirilib

Ali təhsil ocağının müəllimi Şükür Məmmədovun 70 illik yubileyi keçirilib

Naxçıvan Dövlət Universitetində Hüquq fənləri kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şükür Məmmədovun 70 illik yubileyi qeyd edilib.

Bu münasibətlə baş tutan tədbirdə universitetin rektoru Elbrus İsayev bildirib ki, Şükür müəllim uzun illər universitetdə çalışıb və ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə və peşəkar kadr hazırlığının təşkilinə həsr edib. Diqqətə çatdırılıb ki, öz bilik və bacarığı ilə işinin öhdəsindən müvəffəqiyyətlə gələn, hörmət qazanan yubilyar  peşəkar müəllim kimi yadda qalıb. Universitetin keşməkeşli dövrlərində yorulmadan fəaaliyyət göstərən yubilyarı təhsil müəssisəsinin canlı tarixi kimi qiymətləndirən rektor Şükür müəllimi təbrik edərək, ona uzun ömür can sağlığı arzulayıb və universitetin fəxri fərmanını təqdim edib.

Hüquq fənləri kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru  Elman Cəfərli çıxışı zamanı yubilyarın həyat və yaradıcılığı haqqında iştirakçıları məlumatlandırıb. Bildirilib ki, Şükür Məmmədov 1959-cu ildə Cəlil Məmmədquluzadə adına Cəlilkənd orta məktəbinə daxil olub, 1969-cu ildə oranı bitirib. Həmin il Bakı Düvlət Universitetinin tarix fakültəsinə daxil olan yubilyar 1974-cü ildə təhsilini başa vurub. 1976-1980-ci illərdə Bakı Dövlət Universitetinin Aspiranturasında qiyabi təhsil alıb. 1987-ci ildə tarix üzrə fəlsəfə doktoru, 1994-ci ildə dosent elmi dərəcələrini alıb. 1974-cü ildən əmək fəaliyyətinə başlayan Şükür müəllim, Şərur rayon Düdəngə kənd orta məktəbində tarix müəllimi işləyib. Vurğulanıb ki, 1979-cu ilən bu günə qədər Naxçıvan Dövlət Universitetində müxtəlif kafedralarda  tarix, fəlsəfə, dövlət və hüquq tarixi dərslərini aparan müəllim 2005-ci ildən etibarən “Dövlət və hüquqi təlimlər” kursu üzrə mühazirələr aparıb. Müxtəlif vaxtlarda universitetdə dekan müavini, dekan, kafedra müdiri vəzifələrində işləyib.

Elman Cəfərli Şükür müəllimlə olan xoş xatirələrini bölüşərək,  yubilyarı təbrik edib.

Hüquq fənləri kafedrasının baş müəllimi Elman Abbasov yubilyarla çiyin-çiyinə fəaliyyət göstərdikləri peşə dövrlərini yada salaraq, Şükür Məmmədovu yubileyi münasibətilə təbrik edib. Vurğulanıb ki, Şükür müəllim yaxşı pedaqoq olmaqla yanaşı, səmimi dost, mehriban və qayğıkeş atadır.

Çıxış edənlər yubilyarı təbrik edərək, ona xoş sözlər ünvanlayıb, hədiyyələr təqdim ediblər.

Sonda çıxış edən Şükür Məmmədov qeyd edib ki, 48 illik təhsillə bağlı olan ömrünün 43 ili məhz Naxçıvan Dövlət Universiteti ilə bağlıdır.

Yubilyar təbriklərə və xoş sözlərə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.