
Ali təhsil ocağının Tibb fakültəsində beynəlxalq onlayn elmi konfrans keçirilib
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində “Qaraciyər xarici öd yollarının patologiyaları zamanı cərrahi taktika” adlı beynəlxalq onlayn elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev artıq fakültələrdə bir ənənə halını alan konfransların elmi və təcrübi əhəmiyyətini qeyd edib. Bildirilib ki, universitetin sahib olduğu informasiya kommunikasiya texnologiyaları imkanları hesabına ali təhsil ocağında bu cür onlayn treninqlər, konfranslar, simulyasiyalar heç bir çətinlik çəkmədən keçirilir. Rektor konfransın işinə uğurlar arzulayıb və bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin tələbələrin gələcək peşə hazırlığında vacib əhəmiyyətini vurğulayıb.
Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədovun təşkilatçılığı ilə keçirilən konfransda Türkiyə Respublikasından, Bakı şəhərindən və Naxçıvan Dövlət Universitetindən ixtisaslı cərrahlar iştirak edib. 200-dən artıq müəllim və tələbənin iştirakı ilə keçirilən konfransda Kayseri Erciyes Universitetinin professoru Erdoğan Sözüer “Pankreasbaşı kanserlerinde onkolojik sürecler sırasında tartışmalı konular”, Azərbaycan Tibb Universititinin professoru, Azərbaycan Endoskopik Laporoskopik Cərrahlar Assosasiyasi İctimai Birliyinin sədri Müşviq Həsənli “Laporoskopik xolesistektomiya zamanı qaraciyər xarici öd yollarının zədələnməsi riskinin proqnozlaşdırılması və profilaktikası”, Naxçıvan Dövlət Universitetinin “Ümumi təbabət və kliniki fənlər” kafedrasının dosenti Cəbi İsmayılov “Ekstrahepatik öd yolları və damarların yatrogen zədələnmələri”, həmin kafedranın professoru İsa Abdullayev isə “Xoledoxolitiaz zamanı drenləşdirici əməliyyatların tətbiqi və əməliyyatdan sonrakı dövrdə müalicə taktikası” mövzularına dair slaydlar vasitəsilə çıxış ediblər.
Mövzuların sual-cavab və diskusiya şəklində təşkil olunması konfransı daha maraqlı və yaddaqalan edib.
Tədbirə eyni zamanda Türkiyənin müxtəlif universitetlərinin və Azərbaycan Tibb Universitetinin professorları iştirakçı kimi qatılıblar.
Sonda Rusiya Respublikası Tibbi Texniki Akademiyasının üzvü, Əməkdar elm xadimi Qalib Qarayev elm və təcrübə ilə zəngin bir konfransın təşkilinə görə minnətdarlıq edib.