Ali təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzi fəaliyyətə başlayıb

Bu məqsədlə Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener –Trexo Naxçıvan Dövlət Universitetində olub. Ali təhsil ocağının Diplomatiya kabinəsində keçirilən görüşdə çıxış edən universitetin rektoru Elbrus İsayev qonağı salamlayaraq artıq universitetdə ikinci dəfədir görməkdən məmnunluğunu ifadə edib. Rektor IELTS qeydiyyat və imtahan mərkəzinin  fəaliyyətə başlamasını muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri və ictimaiyyət üçün yaddaqalan hadisə kimi dəyərləndirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsində başlanan bu ənənənin gələcəkdə digər ümumtəhsil məktəblərini də əhatə edəcəyinə inam ifadə olunub. Bildirilib ki, universitetdə əcnəbi tələbələrin sayca üstünlüyünü nəzərə alsaq digər regionlardan universitetə təhsil almaq üçün gələnlər də bu mərkəzdən faydalana bilərlər. Rektor universitetin elmi mühitində uğurlar əldə etmənin, professor- müəllim heyətinin nüfuzlu jurnallara çıxışının təmin olunmasında da mərkəzin fəaliyyətini xüsusilə önə çəkib. Qeyd edilib ki, artıq universitetdə müəllim və tələbələr  IELS sertifikatı üzrə təlimlərə başlayıblar. Elbrus İsayev beynəlxalq akkreditasiya ilə bağlı məsələlərdə, bəzi ixtisasların beynəlxalq sertifikatlaşma məsələlərini universitetin gələcək hədəfi kimi qarşıya qoyub. Həmçinin diqqətə çatdırılıb ki, yaradılan mərkəzdə ilk dəfə olaraq universitetin İngilis dili müəllimləri və həmin ixtisas üzrə təhsil alan tələbələr imtahan verəcəklər. Rektor mərkəzin açılmasına verilən dəstəyə görə universitetin kollektivi adından öz təşəkkürünü bildirib.

Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener –Trexo  öz növbəsində universitetdə görüşməkdən şad olduğunu dilə gətirib. Qeyd edilib ki, regionlara əlçatanlığın təmin olunması mərkəzin ən böyük hədəflərindən biridir. Vurğulanıb ki, Naxçıvan Dövlət Universiteti ən böyük IELTS tərəfdaşımız olacaq. Bildirilib ki, Britaniya Şurasının 140-dan çox ölkədə mərkəzi fəaliyyət göstərməklə, 11000-dən artıq təhsil ocaqları ilə tərəfdaşlığı mövcuddur. İELTS-i təhsilin dünyaya qapısı adlandıran Fransis Qardener –Trexo ali təhsil ocağında mərkəzin açılmasını tələbələrin xaricdə təhsil almaları üçün gözəl fürsət olaraq dəyərləndirib. Həmçinin bildirilib ki, əslində mərkəz fəaliyyətə başlayanda qeydiyyat mərkəzi kimi işləsə də bu gün universitetdə açılan mərkəzin bir üstünlüyü də ondadır ki, bura həm qeydiyyat, həm də imtahan mərkəzi kimi fəaliyyət göstərəcək. Bu da mərkəzin gələcəkdə perspektivlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Görüşün sonunda birgə fəaliyyətə dair  əməkdaşlıq müqaviləsi imzalanıb. Qonaq universitetin xatirə kitabına öz ürək sözlərini yazıb.

Qeyd edək ki, görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov da iştirak edib.

Sonra Xarici dillər fakültəsində IELTS qeydiyyat və imtahan mərkəzinin açılışında olublar. Elbrus İsayev bildirib ki, mərkəzin fəaliyyət göstərməsi üçün fakültədə iki otaq ayrılıb və kamera ilə təchiz edilib. Vurğulanıb ki, mərkəzin idarə olunmasına rəhbərlik universitetin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Bayram Əliyevə həvalə olunub. Diqqətə çatdırılıb ki, Bayram müəllim Almaniya Siegen Universitetinin İsveçin Uppsala və Portuqaliyanın Koimbra Universitetləri ilə birgə apardığı Sosial Elmlər üzrə beynəlxalq magistr proqramını bitirib və hal-hazırda ali təhsil ocağında IELTS üzrə hazırlıq aparır.

Sonda Fransis Qardener –Trexo Xarici dillər fakültəsi Sinxron tərcümə mərkəzində müəllim və tələbələrlə görüşüb. Ölkələrimiz arasında beynəlxalq əlaqələr, təhsil sahəsində əməkdaşlıq haqda ətraflı məlumat verilib. Bu günkü görüşün gələcəkdə ali təhsil müəssisəsi üçün verəcəyi imkanlar haqda danışan qonaq öz fəaliyyəti haqda da tələbələrlə səmimi söhbət edib. Müəllim və tələbələrin suallarını cavablandıran Fransis Qardener –Trexo bu gün açılan mərkəzin gələcək fəaliyyət istiqamətinin uğurlu tərəflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.