Ali təhsil müəssisəsində Naxçıvan Musiqi Kollecinin müəllimi, gənc bəstəkar Hakim Məmmədlinin “Tar və simfonik orkestr üçün konsert”inin təqdimatı və əsərlərindən ibarət konsert keçirilib.

Ali təhsil müəssisəsində Naxçıvan Musiqi Kollecinin müəllimi, gənc bəstəkar Hakim Məmmədlinin “Tar və simfonik orkestr üçün konsert”inin təqdimatı və əsərlərindən ibarət konsert keçirilib.

Konserti girş sözü ilə açan muxtar respublikanın Əməkdar müəllimi, Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva Azərbaycan Musiqi mədəniyyəti və incəsənəti tarixində simli, mizrablı alətlər arasında texniki və dinamik imkanlarına görə uzun tarixi islahatlardan keçərək, həm ulu, həm də müasir və təkmil çalğı aləti hesab olunan tarın sehrli səsi və konsertin dünyaşöhrətli ifaçıları barədə məlumat verib. Bildirib ki, Naxçıvan Musiqi Kollecinin müəllimi, gənc bəstəkar, dirijor, Azərbaycan Bəstəkarlar İttifaqının və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvü Hakim Məmmədlinin yaradıcılıq laboratoriyasını rəngarəng janrlar bəzəyir. Onun instrumental yaradıcılığına fortepiano üçün prelüdlər, pyeslər, Xor və simfonik orkestr üçün “Rekviem”, Məhəmməd Hüseyn Şəhriyarın “Tarım mənim” qəzəlinə səs və orkestr üçün ballada və 20-dən artıq mahnı daxildir.

Konsert zamanı gənc bəstəkarın əsərlərini tarda Azərbaycan Respublikasının Əməkdar artisti, “Tərəqqi” medalı laureatı, dosent Sahib Paşazadə, fortepianoda Beynəlxalq müsabiqələr laureatı Sevinc Kərimova ifa ediblər. Sənətində qazandığı uğurlara görə, ölkəmizdə və beynəlxalq aləmdə bir çox mükafatlara layiq görülən Sahib Paşazadə dünya miqyaslı turlarda iştirak edərək, dünyanın bir çox orkestr və dirijorları ilə 50-dən çox ölkədə Azərbaycan muğamını və musiqisini layiqincə təmsil edib. Konsertdə “Tar üçün konsert” I-II-III hissələr, “Elegiya”, “Tarım mənim”, “Xatirələr” kimi ifalar yer alıb.

Sonda çıxış edən universitetin rektoru Elbrus İsayev Naxçıvan Dövlət Universiteti, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Filarmoniyası musiqi kollektivinin birgə təşkil etdiyi konsert və onun yaradıcıları barədə fikirlərini ifadə edib. O bildirib ki, gənc yaşında musiqi sənətində əsrarəngiz əsərlər yaradan Hakim Məmmədli  və bəstəkarın əsərini ölümsüzləşdirən, eyni zamanda, 60-a yaxın əsərin ilk ifaçısı olan, Azərbaycan tarını bütün dünyada təmsil edən dünya şöhrətli ifaçı Sahib Paşazadə və konsertmeyster Sevinc Kərimova Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələridir.

Tar və simfonik orkestr üçün yazılmış və ustad tarzən Sahib Paşazadəyə ithaf olunmuş konsert, rektorun hər üç sənətkara “Təşəkkürnamə” təqdim etməsi ilə başa çatıb.

Leave a Reply

Your email address will not be published.