Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında akademik əməkdaşlıq müqaviləsi imzalanıb

Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında akademik əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında akademik sahədə əməkdaşlıq protokolu imzalanıb. Ankara universitetinin rektoru Professor Necdet Ünüvar və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin qatıldğı görüşdə hər iki ölkə arasında qardaşlıq münasibətlərinə toxunulub. Təhsil sahəsində əməkdaşlığın perspektivlərinə diqqəti çəkən rektorlar birgə protokolun əhəmiyyətindən danışıblar.

Ankara universitetinin rektoru Professor Necdet Ünüvar dünya universitetləri ilə əməkdaşlıqlarında Azərbaycan universitetlərinin xüsusi payı olduğunu diqqətə çəkib. Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın tədqiqat fəaliyyətlərinə töhfə verəcək bir addım olacağına inandığını söyləyən rektor tədqiqat fəaliyyətləri olmadan təhsilin inkişafının mümkünsüz olduğunu qeyd edib. Magistr və doktorantura proqramları sahəsində də əməkdaşlığın perspektivləri haqda danışan Necdet Ünüvar gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsinin də mümkün olacağını bildirib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağı dünyanın 130-dan çöx ölkəsi ilə beynəlxalq əməkdaşlığa malikdir. Rektor bildirib ki, əməkdaşlıq etdikləri Türkiyənin 80-dən çox ali təhsil ocağı sırasında Ankara Universitetinin xüsusi yeri vardır. Elbrus İsayev akademik və tələbə mübadiləsi proqramları ilə bu əlaqələrin daha da genişləndiriləcəyinə inandığını dilə gətirib.

Çıxışlardan sonra Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında akademik sahədə əməkdaşlıq protokolu rektorların imzaları ilə təsdiqlənib.

Qeyd edək ki, protokolda tərəflərin qarşılıqlı olaraq maraqlarına uyğun akademik və elmi mövzulardakı fəaliyyətlərində bir-birinin imkan və təcrübələrindən faydalanacağı, elmi məqsədlər daxilində professor-müəllim mübadiləsi, dərs, müşavirə, tədqiqat və oxşar fəaliyyətlərində, tədris və tədqiqat məqsədilə hər növdən kitab, elmi nəşrlər və oxşar materialların qarşılıqlı mübadiləsi, birgə tədqiqat layihələri və elmi yığıncaqları keçirilməsi öz əksini tapıb.