Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə regional məntiq olimpiadası Naxçıvan Dövlət Universitetində keçirilib

Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə regional məntiq olimpiadası Naxçıvan Dövlət Universitetində keçirilib

Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq regional məntiq olimpiadası keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Məntiq olimpiadasının videoçarxı nümayiş etdirilib. Olimpiadanı giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə təşkil edilən olimpiadanı yüksək qiymətləndirib. Qeyd edilib ki, düzgün təfəkkür haqqında elm kimi götürülən məntiq elmi həmçinin qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır. Bildirilib ki, məntiq olimpiadası ilə muxtar respublikamızda olimpiada hərəkatını başlatmaq, tələbələrin elmə yönləndirilməsinə eləcə də bilik və bacarıqlarının artırılmasına xidmət etmək əsas missiyamızdır. Məntiqi biliklərin formalaşdırılması və inkişafına xidmət edən bu cür bilik yarışların keçirilməsinin tələbələrin dünyagörüşünə də əsaslı təsir edəcəyi vurğulanıb. Magistratura və dövlət qulluğuna hazırlaşanların məntiqi biliklərin yoxlanılması nəzərə alınmaqla keçirilən olimpiadanın gənclərin gələcək perspektivlərində əhəmiyyəti önə çəkilib. Rektor yarışda iştirak edən hər üç ali təhsil müəssisəsi tələbələrinə uğurlar arzulayıb.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Universitetinin rektoru Nurlana Əliyeva maraqlı layihənin təşkilatçısı olduqlarına görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildirib və olimpiada iştirakçılarına uğurlar arzulayıblar.

Sözləri universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Xanəli Kərimliyə, musiqisi isə İncəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının müəllimi Polad Vəliyə məxsus Olimpiada himninin sədaları altında Olimpiada bayrağı gətirilib.

Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov olimpiada haqda məlumat verib. Qeyd edilib ki, tələbələrin həm məntiqi biliklərinin inkişafına, həm də dünyagörüşünə əsaslı şəkildə təsir edəcək olimpiadanın devizi “Elm, dostluq və sağlam rəqabət” dir.

Olimpiadanın açılış mərasimində elm haqda bədii qiraət edilib və İncəsənət fakültəsi müəllim və tələbələrinin ifasında musiqilər səsləndirilib.

İki mərhələdə təşkil edilən olimpiadaya 3 ali təhsil müəssisəsindən 250-ə yaxın tələbə onlayn olaraq müraciət edib. Onlardan 110 nəfəri qaydalar üzrə yarışda iştirak hüququ qazanıb. Elektron formatda təşkil olunan yarışın birinci mərhələsində tələbələrə 50 sual ünvanlanıb. İlk mərhələ üçün vaxt limiti 1 saat 30 dəqiqə müəyyənləşdirilib.

Yarışın ikinci mərhələsində hər bir universitetdən ən yüksək nəticə göstərmiş 5 nəfər həmin  ali təhsil ocağını komanda olaraq təmsil etmək hüququ qazanıb. Şifahi-elektron formatda təşkil olunan II mərhələdə  30 sual olmaqla  hər suala 1 dəqiqə vaxt verilib.

Olimpiadanın final mərhələsində komandalara 30 sual ünvanlanıb. Doğru və tez cavab verən komandalar mərhələnin qalibi olub.

Naxçıvan Dövlət Universiteti komandası olimpiadanın qalibi olub. Naxçıvan Müəllimlər İnstitutu II, Naxçıvan Universiteti isə III yerləri bölüşüblər. Qaliblərə diplom və medallar təqdim edilib. I yerin qalibi isə kubok və pul mükafatı ilə təltif edilib.

Qeyd edək ki, hər iki mərhələdə üç ali təhsil müəssisəsindən müşahidəçilər iştirak edib və yarışın nəticələrini qiymətləndiriblər.

Sonda sözləri şair Zaur Vediliyə, musiqisi isə İncəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının müəllimi Polad Vəliyə məxsus “Zəfər bayramı” mahnısı fakültə müəllimlərinin ifasında səsləndirilib.