
Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi Naxçıvan Dövlət Universitetində qeyd olunub
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Mətbuatı – 145 adlı onlayn konfrans keçirilib. Universitetin rektoru Elbrus İsayev ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, mətbuatımızda milli jurnalistika ənənələri qorunub saxlanılır, kütləvi informasiya vasitələri cəmiyyətin güzgüsü rolunu oynaya bilirlər. KİV-ə göstərilən dövlət dəstəyinin jurnalist kadrlarının yetişməsində oynadığı rol xüsusilə vurğulanaraq qeyd edilib ki, universitetin Media mərkəzində tələbələrin peşəkar jurnalist kimi yetişməsi, nəzəri biliklərin praktik tətbiqinə nail olunması üçün hər cür şərait vardır. Rektor universitetdə təşkil edilən tədbirlərin işıqlandırılması, muxtar respublika və hətta Azərbaycan mediasına çatdırılması istiqamətində mərkəzin fəaliyyətini təqdirəlayiq dəyərləndirib və əlamətdar tarixi gün münasibətilə universitetin media kollektivini təbrik edib.
“Milli mətbuatın inkişaf tarixi” adlı çıxışında Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva bildirib ki, milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə və tərəqqisinə böyük töhfələr veriblər. Vurğulanıb ki, muxtar respublikamızda mətbuata göstərilən hərtərəfli qayğının tərkib hissəsi kimi, Naxçıvan Dövlət Universitetində də milli və müasir jurnalistika ənənələri formalaşaraq inkişaf edib. “Yeni Fikir” qəzetinin nəşr olunması, Universitet televiziyasının, “Nuhçıxan” radiosunun və “Qeyrət” nəşriyyatının fəaliyyət göstərməsi, Media Mərkəzinin yaradılması universitetin elmi, sosial və mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb edir
Kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov “Milli mətbuat tariximizdə Naxçıvanlı ziyalıların ilk uğurları” adlı çıxışında ilk jurnalistlərdən hesab edilən İsa Sultan Şahtaxtlının “Əkinçi” ilə əlaqələrinə toxunub və qəzetdən bir sıra nümunələr səsləndirilib. Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyevanın “Naxçıvan Dövlət Universiteti Media Mərkəzinin fəaliyyəti”, “Qeyrət” nəşriyyatının direktoru Samir Tarverdiyevin “Naxçıvan Dövlət Universitetində dövri mətbu nəşrlər”, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio verilişləri komitəsi Ədəbi-bədii verilişlər redaksiyasının baş redaktoru Məmməd Babayevin “Naxçıvanda bölgə mətbuatı tarix və müasirlik” adlı çıxışları dinlənilib.