Azərbaycan Respublikasının Əməkdar artisti Malik Mansurov Konservatoriyanın tələbələrinə onlayn ustad dərsi keçib

Azərbaycan Respublikasının Əməkdar artisti Malik Mansurov Konservatoriyanın tələbələrinə onlayn ustad dərsi keçib

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi “Xalq çalğı alətləri” kafedrasında onlayn ustad dərsi keçirilib. “Bayatı Şiraz muğamı” mövzusunda onlayn dərsi Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının müdiri, dosent, Malik Mansurov keçib. 70 nəfər müəllim və tələbənin iştirak etdiyi seminarda universitetin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov giriş sözü ilə çıxış edib. Ali təhsil ocağında keçirilən onlayn dərslərin müəllim və tələbələrin təcrübəsində artan rolu haqda məlumat verilib.

Azərbaycan Respublikasının əməkdar artisti Malik Mansurov qeyd edib ki, muğam sözü iran-ərəb-türk dilində işlədilən «məqam» sözündən yaranıb. «Məqam» sözü simli alətlərdəki pərdə mənasına gəlir. Bildirilib ki, bu janr təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olub, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən muğam xalqlara uyğun parçalanıb. “Bayatı- Şiraz” muğamı haqqında geniş məlumat verən əməkdar artist vurğulayıb ki,  yalnız XIX əsrin sonlarından müstəqil olan muğam növü əvvəllər “Bayatı – İsfahan” dəstgahı kimi tanınıb. Bildirilib ki,“Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır.  

          Sonda mövzu ətrafında çıxışlar olub və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.