
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev Naxçıvan Dövlət Universiteti üçün onlayn seminar keçib
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi müəllim və tələbələri üçün Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev “Azərbaycan təsviri sənətinin naməlum səhifələri” mövzusunda onlayn seminar keçib.
Fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov seminarı giriş sözü ilə açaraq bu cür tədbirlərin keçirilməsinin müəllim və tələbələrin təcrübi peşə bacarıqlarının formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Professor Ziyadxan Əliyev seminarda Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən dünya incəsənəti tarixində özünəməxsus yer tutan Azərbaycan miniatür sənətindən danışıb və ən qədim miniatür nümunələri sadalanıb. Ölkəmizin təsviri sənət tarixinə öz töhvələrini vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə kimi görkəmli rəssamların əsərləri geniş təhlil edilib. Naxçıvanda professional rəssamlığın təşəkkülünün Bəhruz Kəngərlinin adı ilə bağlı olduğunu bildirən professor vurğulayıb ki, rəssamın əsərlərində dövrün koloriti, öncül mövzuları əksini tapıb. Onun yaradıcılığında mənzərə və portret janrları üstünlük təşkil edir.
Həmçinin, Azərbaycan memarlarının müəllifi olduğu türbələr, məscidlər və hamamlar üzərinə boyalı kaşıdan işlənmiş ornament kompozisiyaları seminarın əsas mövzularından olub.
Seminar müəllim və tələbələrin sualları və müzakirələr şəklində davam edib.