
Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Naxçıvan Dövlət Universitetinin qonağı olub
Naxçıvan Dövlət Universitetinin növbəti qonağı Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə olub. Muxtar respublikaya səfər edən xarici qonaqların, səfirlərin və diplomatik nümayəndəliklərin universitetdə artıq ənənə halı aldığı görüş ali təhsil ocağının Diplomatiya kabinəsində baş tutub. Universitetin rektoru Elbrus İsayev qonağı salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumatlandırıb. 2020-ci ildə qazandığımız qələbədə Ali Baş komandanın yüksək siyasi bacarığı, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə bərabər Pakistan dövlətinin də siyasi və mənəvi dəstəyinin böyük rola malik olduğu bildirilib. Rektor Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistan dövlətinin tutduğu qətiyyətli və prinsipial mövqeyin xalqımız tərəfindən də həmişə böyük rəğbətlə qarşılandığını diqqətə çatdırıb.
Azərbaycan Respublikasın Pakistandakı səfiri Əli Əlizadə universitet haqda xoş təəssüratlarını bölüşüb. Qeyd edilib ki, Pakistan Azərbaycanın haqq işində hər zaman dövlətimizin, xalqımızın yanında olub, bizə öz dəstəyini açıq və birmənalı şəkildə ifadə edib. Səfir ali təhsil ocağının Beynəlxalq münasibətlər ixtisası tələbələri üçün mühazirəsində bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. Vurğulanıb ki, Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da yaradılıb. Diplomat hər iki ölkə arasında xarici əlaqələri tarixi faktlarla tələbələrə çatdırıb. Qarşlılıqlı müzakirədə təhsil sahəsində gələcək perspektivlər dəyərləndirilib.
Müəllim və tələbələrin suallarını cavablandırılıb. Səfir Diplomatiya kabinəsində qonaqlar üçün ayrılan xatirə dəftərinə ürək sözlərini qeyd etdikdən sonra universitet televiziyası üçün müsahibə verib.