
Azərbaycan Respublikasının Xalq artisti, ADMİU-nun professoru Məmməd Səfanın keçdiyi vebinar müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb
Naxçıvan Dövlət Universitetində “Tələbələrin dostu” layihəsinə start verilib. Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Məmməd Səfa layihənin ilk onlayn qonağı olub. Universitet Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbiri universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov açıb. Universitet haqda ümumi məlumat verən prorektor keçirilən görüşü yüksək qiymətləndirib, belə tədbirlərin tələbələr üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Universitet Tələbə Gənclər Təşkilatının sədri, “Hüquq fənləri” kafedrasının müəllimi Əziz Qasımov diqqətə çatdırıb ki, gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün təşkil edilən bu kimi tədbirlərin onların peşəkar mütəxəssis olmaları mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülxarə Əhmədova qeyd edib ki, 2011-ci ildə universitetdə “Teatr və Mədəniyyətşünaslıq” kafedrasınin və “Aktyor sənəti” ixtisasının fəaliyyətə başlaması muxtar respublikamızda ixtisaslı aktyor kadrlarına olan tələbatın ödənilməsi probleminin həll edilməsində mühüm əhəmiyyət kəsb edir. Bu işdə ali teatr məktəbləri ilə yanaşı, universitetlərdə yaradılan studiyalar da əhəmiyyətli rol oynayır. Ali təhsil ocağında kafedranın nəzdində fəaliyyət göstərən Tələbə Teatr Studiyasının təcrübəsi buna layiqli nümunə sayıla bilər. Gülxarə Əhmədova bugünkü görüşün aktyor tələbələrin təcrübəsinə mühüm töhvə qatacağına əminliyini ifadə edib.
Azərbaycan Respublikasının Xalq artisti Məmməd Səfa hər kəsi salamlayıb, vebinarın təşkilatçılarına təşəkkürünü bildirib. Muxtar respublikaya vurğunluğunu az qala hər cümləsində ifadə edən professor tələbələrlə görüşdən də yüksək zövq aldığını dilə gətirib. Dəfələrlə Naxçıvanda olan Xalq artisti bu məmləkətdən xoş təəsüratlarla ayrıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, aktyorluq sənəti çətin bir o qədər də şərəfli peşədir. Qeyd edilib ki, bu gün teatrlarımızda çox istedadlı aktyorlarımız var, bunun özü artıq çox şey deməkdir. Azərbaycan teatrının bu gün çox işlək vəziyyətdə olduğunu deyən aktyor bu işdə təhsil ocaqlarının üzərinə böyük yük düşdüyünü diqqətə çatdırıb.
Tədbir tələbələrin sualları ətrafında davam edib. Aktyorluq sənətinin sirlərindən danışan professor “Jurnalistika” ixtisasında təhsil alan tələbələrə də öz təklif və tövsiyyələrini çatdırıb.