Azərbaycan Respublikasının Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyev Musiqi Kollecinin tələbələri üçün onlayn ustad dərsi keçib
Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Musiqi Kollecində Azərbaycan Respublikasının Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin ustad dərsi təşkil edilib. Tədbirdə çıxış edən Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva ixtisaslı kadrların yetişməsi və təcrübələrinin möhkəmlənməsi istiqamətində təşkil edilən tədbirin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirilib ki, Naxçıvan Musiqi Kolleci 1975-ci ildə orta-ixtisas musiqi məktəbi kimi yaradılıb və 1992-ci ildən Musiqi Texnikumu adı ilə fəaliyyət göstərib. Hal-hazırda Musiqi Kolleci adı ilə fəaliyyətini davam etdirir.
Ramiz Quliyev haqda məlumat verən kollecin direktoru qeyd edib ki, məşhur tarzən 1947-ci ildə Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbində, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında “Tar” və “Dirijorluq” ixtisasları üzrə təhsil alıb. Tarzən keçirilən bir çox festivalların və müsabiqələrin iştirakçısı olub, fəxri fərman və medallarla təltif edilib. Pedaqoji fəaliyyətlə də məşğul olan Ramiz Quliyev Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında “Tar” ixtisası üzrə müəllimlikdən professoruluğa qədər yüksəlib. Vurğulanıb ki, dünya şöhrətli tar ifaçısı Ramiz Quliyev 2007-ci ildə “Şöhrət” ordeni, 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı, 2017-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilib. 2002 və 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatını alan Ramiz müəllim 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunub. Məhəbbət Babayeva Ramiz Quliyevin muxtar respublikada olduğu vaxtlarda çəkilmiş fotoşəkillərini təqdim edib, tarzənin ifasında musiqi nömrəsi sələndirilib. Kollecin direktoru Ramiz Quliyevin tələbələrə örnək yaradıcılığından söhbət açaraq tələbələri Ramiz müəllimin yaradıcılığından bəhrələnməyə çağırıb.
Ramiz müəllim dərs zamanı tələbələrə tarın temperasiya imkanlarından, səs üzərində iş, pozisiyalar haqda, muğam ifaçılığı barəsində ətraflı məlumat verib.
Tarzənin ifası üzrəində qurulan ustad dərsi müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb. Kollecin “Tar” ixtisası üzrə təhsil alan III kurs tələbələrinin ifasında ”Rahab”, “Çahargah” muğamları, “Üç xatirələr”, Konsert pyes” əsərlərini dinləyən Ramiz müəllim tələbələrin istedad və bacarığını xüsusi qiymətləndirərək öz məsləhət və təkliflərini verib. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlqar Hüseynov və digər müəllimlərin tar alətinin ifa xüsusiyyətləri və muğam ifaçılığına dair müxtəlif sualları cavablandırılıb.
Məhəbbət Babayeva müəllim və tələbələr üçün əhəmiyyətli olan belə görüşlərin davamlı olmasını arzulayıb və öz minnətdarlığın ifadə edib.
Qeyd edək ki, ustad dərsində Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Elmi mərkəzinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə Cəfərova da iştirak edib.