Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Tofiq Bakıxanova Naxçıvan Dövlət Universitetinin Fəxri doktoru diplomu təqdim edilib
Naxçıvan Dövlət Universiteti Elmi Şurasının iclasında Fəxri doktor diplomu Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Tofiq Bakıxanova təqdim olunub.
İclasda universitetin rektoru Elbrus İsayev çıxış edərək Azərbaycanın mötəbər Bakıxanovlar nəslinin nümayəndəsi olan bəstəkarın XX əsrin ortalarında formalaşmağa başlayan çoxşaxəli və məhsuldar yaradıcılığından ətraflı bəhs edib. Bildirilib ki, Tofiq müəllimin atası, görkəmli tarzən, muğam bilicisi Əhməd ağa Bakıxanovdan öyrəndiyi muğamlar onun yaradıcılığı üçün əsaslı bünövrə olması ilə yanaşı, dahi Qara Qarayevin sinfində musiqinin incəliklərini öyrənməsi onun dünyagörüşünün, yaradıcılıq üslubunun formalaşmasına, professional zirvəyə çatmasına səbəb olub.
Rektor bildirib ki, Tofiq Bakıxanovun Naxçıvana olan sevgi və məhəbbəti muxtar respublika rəhbəri tərəfindən yüksək qiymətləndirilib və daim diqqət mərkəzində saxlanılıb. Vurğulanıb ki, Ali Məclis Sədrinin milli musiqimizin, mədəniyyətimizin inkişafına, təbliğinə, sənətə və sənətkara verdiyi önəm sayəsində bəstəkar Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb və Naxçıvan musiqi ictimaiyyəti Tofiq Bakıxanov yaradıcılığı ilə daha dərindən tanış olmaq imkanı əldə edib.
Elbrus İsayev diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun sərəncamları ilə Tofiq Bakıxanovun 75, 80 və 85 illik yubileyləri, eyni zamanda, Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi Naxçıvanda yüksək səviyyədə qeyd olunub.
Elmi Şura üzvlərindən Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva, universitetin Musiqinin nəzəriyyəsi və tarixi kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi İnara Məhərrəmova, universitetin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov çıxış edərək təklifi yüksək dəyərləndiriblər. Çıxış edənlər musiqi mədəniyyəti tarixində və inkişafında özünəməxsus xidmətləri olan görkəmli bəstəkarın muxtar respublikanın tərənnümünə həsr edilən yaradıcılığından, onun gözəl pedaqoq və əsl insani xüsusiyyətlərindən bəhs ediblər. Çıxışlarda həmçinin qeyd olunub ki, bəstəkar dəfələrlə universitetin Konservatoriyasında, Naxçıvan Musiqi Kollecində, musiqi məktəblərində həm tələbələrə ustad dərsləri keçib, öz dəyərli məsləhətlərini verərək tələbələrin ifasında təşkil olunan konsertlərin dinləyicisi olub.
Rektor tərəfindən görkəmli bəstəkara universitetin Fəxri doktoru diplomu və mantiyası təqdim olunduqdan sonra bəstəkar yaradıcılığında özünəməxsus yer tutan Naxçıvanla bağlı xoş xatirələrini bölüşərək bu ecazkar diyara olan sonsuz məhəbbətini ifadə edib.