
Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Tofiq Bakıxanovun yaradıcılıq və müəllimlik fəaliyyətinin 70 illik yubileyi fəxri doktoru olduğu ali təhsil ocağında qeyd edilib
Naxçıvan Dövlət Universitetində görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli, professor Tofiq Bakıxanovun yaradıcılıq və müəllimlik fəaliyyətinin 70 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunub.
Giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev bəstəkarın həyat və yaradıcılığından bəhs edib. Qeyd edilib ki, Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən böyük bəstəkar, mahir ifaçılıq imkanlarına malik skripkaçı, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, professor, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, milli musiqimizi, incəsənətimizi, mədəniyyətimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi tanınır. Bildirilib ki, Tofiq müəllim görkəmli tarzən-pedaqoq və muğam bilicisi Əhmədxan Bakıxanovun ailəsində dünyaya gəlib və muğam mühitində boya-başa çatıb. Təsadüfi deyil ki, muxtar respublikada Tofiq Bakıxanovun 75, 80 və 85 illik yubileyləri yüksək səviyyədə qeyd edilib. “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adını və Naxçıvan Muxtar Respublikasının 85 illiyi münasibətilə təsis edilmiş qızıl medalı görkəmli bəstəkara təqdim edilib. Rektor bəstəkarın yaradıcılıq fəaliyyətinin 70 illiyi münasibətilə təbrik edib, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova qeyd edib ki, Tofiq Bakıxanov dahi bəstəkar, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi sənətinə gəlib və məhz onun məsləhəti ilə skripka alətini seçib. Bildirilib ki, Tofiq Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. Bəstəkar skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün iyirmidən artıq sonatanın, trio, kvartet, kvintetlərin, müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsertin müəllifidir. Azərbaycanda ilk birpərdəli baletin yaradıcısı olub. Bəstəkar eyni zamanda, üç balet, üç musiqili komediya, 100-ə qədər mahnı və romanslar bəstələyib. Simfonik musiqi sahəsi isə bəstəkarın yaradıcılıq irsində səkkiz simfoniya, beş simfonik muğam, beş simfonik poema, simfonik süitalar, uvertüralar və s. əsərlərlə təmsil olunub.
Tofiq Bakıxanovun həyat və yaradıcılığında Naxçıvana olan məhəbbətini xüsusi qeyd edən Günay Məmmədova diqqətə çatdırıb ki, Naxçıvanı “Ulu və müqəddəs diyar” adlandıran bəstəkar, xüsusilə, son dövr yaradıcılığında məhz Naxçıvanla bağlı mövzulara geniş yer verib. Belə ki, bəstəkarın simfonik orkestr üçün yazdığı “Naxçıvan” simfoniyettası, Naxçıvana həsr olunmuş mahnıları (“Naxçıvan”, “Nurlu Naxçıvan”, “Arpaçay”, “Batabat bağları” və başqaları) onun bu qədim diyara və qurucu rəhbərə olan məhəbbətinin ifadəsidir. Ümummilli lider Heydər Əliyevdən bəhs edən “Həmişə bizimləsən” adlı simfonik poeması da bəstəkarın məhz Naxçıvan səfərlərindən sonra ərsəyə gəlib. ilk dəfə məhz Naxçıvanda – bəstəkarın 75 illik yubiley tədbirində səsləndirilib.
Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli, professor Tofiq Bakıxanov ona göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib, yubileyin təşkilatçılarına öz təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində Tofiq Bakıxanovun əsərlərindən ibarət konsert proqramı nümayiş olunub. Respublika və Beynəlxalq müsabiqələr laureatı Firuzə Qədimalıyevanın müşayiəti ilə Azərbaycan Milli Konservatoriyasının İİ kurs magistrantı Hüseynağa Səmədovun tarda ifası tamaşaçılara xoş ovqat bəxş edib. Konsertdə “Xeyir və Şər” baletindən “Qəhrəmanın çalışması”, “Vals” “Şərq poeması” baletindən “Qızlar rəqsi”, “Xeyir və Şər” baletindən rəqs, və digər musiqiləri yüksək peşkarlıqla ifa edilib.
Sonda xatirə şəkli çəkdirilib.