
Azərbaycan Tibb Universitetinin akademiki Sudeif İmamverdiyev Naxçıvan Dövlət Universitetində ustad dərsi keçib
Türk Ağsaqqalları Birliyinin Sədri, Azərbaycan Respublikasının dövlət və elm xadimi, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, uroloq, akademik Sudeif İmamverdiyev Tibb fakültəsinin müəllim və tələbələri üçün ustad dərsi keçib.
Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev uzun illər tibb elminin inkişafında xüsusi xidmətləri ilə seçilən, ömrünün 64 illini həkimlik, 57 illini pedaqoji fəaliyyətə həsr edən akademiki salamlayıb. Bu kimi görüşlərin əhəmiyyətindən bəhs edən rektor elm sahəsində xüsusi rolu olan şəxslərlə keçirilən ustad dərslərin ali təhsil ocağında ənənə halı aldığını qeyd edib.
Akademik Sudeif İmamverdiyev görüşdən məmnunluğunu ifadə edib. Tədbirdə urologiya və nefrologiyanı əhatə edən ustad dərsində urologiyaya dair xəstəliklər, onların yaranma səbəbləri, əlamətləri, müalicəsindən ətraflı bəhs edilib. Böyrəklərin quruluşu, işləmə prinsipi, böyrəklərdə baş verən xəstəliklərin aşkarlanması üçün analizlərin aparılma qaydası, böyrək təzyiqinin yaranma səbəbləri, orqanizmdə zülalların miqdarı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra müəllim və tələbələrin mövzu ilə bağlı müxtəlif səpkili suallar Sudeif İmamvediyev tərəfindən cavablandırılıb.
Sonda Elbrus İsayev akademikə önəmli məlumatların yer aldığı ustad dərsinə görə universitetin təşəkkürnaməsini təqdim edib.
Qeyd edək ki, Azərbaycanda və xarici ölkələrdə tibb sahəsində görkəmli alim və cərrah kimi tanınan Sudeif İmamverdiyev urologiyanın ən ağır və aktual problemlərinə həsr olunan 375-dən çox elmi əsərin, o cümlədən 4 dərslik, 10 monoqrafiya, 5 metodik, 6 dərs vəsaitinin müəllifidir.
Əməyi dövlət tərəfindən yüksək qiymətləndirilən akademik ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2000-ci ildə “Şöhrət” ordeni, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Əməkdar elm xadimi” fəxri adına , “Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nə, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” na layiq görülüb.
Tibb sahəsindəki səmərəli fəaliyyəti nəticəsində ölkənin hüdudlarından kənarda da tanınan akademik 1993-cü ildən Avropa Uroloqları Assosiasiyasının həqiqi üzvü, həmçinin 2002-ci ildə Gürcüstan Uroloqlar, 2007-ci ildə Türkiyə Androloqlar assosiasiyalarının fəxri üzvü seçilib. Sudeif İmamverdiyev, eyni zamanda, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü olmaqla yanaşı tibb üzrə bir sıra beynəlxalq qurumlar tərəfindən müxtəlif medallarla təltif olunub.