
Azərbaycanın tanınmış şair və dramaturqu Hüseyn Cavidin “İblis” əsəri müzakirə olunub
NDU Elmi Kitabxanasında “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Şərəbanı Məmmədovanın təşkilatçılığı ilə Azərbaycan şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin “İblis” dörd aktlı faciəsinin müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Şərəbanı Məmmədova Hüseyn Cavidin klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən bir sənətkar kimi göstərdiyi fəaliyyətdən bəhs edib. Qeyd olunub ki, şair, dramaturq XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub. Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.
Tədbirdə daha sonra Hüseyn Cavidin “İblis” əsəri təhlil olunub. Vurğulanıb ki, əsərdə Hüseyn Cavidin bir filosof və humanist insan kimi düşüncələri, ədalətsiz müharibələrə nifrət hissləri oyatması ideyaları əks olunub.
Qeyd edək ki, əsərin müzakirəsində NDU Elmi Kitabxanası əməkdaşları və “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasının I kurs tələbələri də fəal iştirak edib.