Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, şairə xanım Mahirə Hüseynova Naxçıvan Dövlət Universitetində olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, şairə xanım Mahirə Hüseynova Naxçıvan Dövlət Universitetində olub

Ədəbi-bədii kompozisiya formatında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluq hissini ifadə edib.  Qeyd edilib ki, rəhbərlik etdiyi ali təhsil ocağında mütəmadi olaraq tanınmış elm adamları, ziyalılar, şairlərlə görüş keçirilir. Bugünkü görüş ona görə qiymətlidir ki, universitetin qonağı həm elm xadimi, ziyalı olmaqla bərabər eyni zamanda öz misraları ilə oxucu qəlbinə yol tapa bilən dəyərli şairə xanımdır.

 Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov qeyd edib ki, Dövlət Dil Komissiyasının üzvü, Ali Attestasiya Komissiyasının Filologiya və pedaqogika üzrə ekspert komissiyasının sədri  və  komissiyanın siyahısına daxil olan “Linqvistika problemləri” elmi jurnalının təsisçisi və redaktoru, bir çox beynəlxalq konfransların təşkilatçısı, Elm və Təşkilat komitəsinin üzvü, respublikanın bir çox nüfuzlu jurnallarının redaksiya heyətinin üzvü, elmi monoqrafiyalar müəllifi Mahirə xanım eyni zamanda 20-dən artıq şeirlər kitabının müəllifi, müasir qadın şairləri sırasında özünəməxsus yeri və imzası ilə seçilən çağdaş ədəbiyyatımızda foklordan, canlı xalq danışıq dilindən qaynaqlanan ictimai və səmimi lirik şeirlər müəllifidir.

Vurğulanıb ki, 44 gün davam edən Vətən savaşında şairənin yaradıcılıq kredosu qələbə əzmi, zəfər sevinci ilə kökləndi. Silsilə şeirlərlə Mahirə Hüseynova çağdaş ədəbiyyatşünaslıqda zəfər poeziyasını yaratdı. Onun Vətən müharibəsi ərəfəsində yazdığı zəfər şeirlərində Vətən sevgisi, ordumuzun şanlı qələbələri, Ali Baş Komandanın müdrik siyasəti, işğaldan azad olunmuş torpaqlarımızın tərənnümü hansı biçimdədirsə, düşmənə nifrət, qəzəb hissləri də o biçimdədir. Arif Ağalarov onu da əlavə etdi ki, Mahirə Hüseynova həmçinin “Qızıl qələm” və “İlin alimi” Media Mükafatı laureatıdır. Mahirə xanım 30-dan çox elmi, 20 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir. 100-dən çox şeirinə musiqi bəstələnib.

Mahirə Hüseynova çıxış edərək səmimi qəbula görə öz minnətdarlığını bildirib. Qeyd edilib ki, bugünkü görüş onun yaradıcılığına göstərilən ən yüksək qiymətin ifadəsidir.

Tədbirdə çıxış edənlər Mahirə Hüseynovanın yaradıcılığından mühüm məqamları diqqətə çatdırıblar. Mahirə xanımın elmi və pedaqoji fəaliyyətində Azərbaycan filologiyasının inkişafında xüsusi xidmətləri olan, filologiya elmləri doktoru, professor Həsən Mirzəyin adı xüsusi olaraq qeyd edilib. Professor Mahirə Hüseynovanın Həsən Mirzəyevin yolunu həm elmi, həm bədii yaradıcılığı ilə uğurla davam etdirdiyi vurğulanıb.

Tədbirdə Mahirə Hüseynovanın (Nağıqızı) yazdığı şeirlər bədii qiraət edilib, şeirlərinə bəstələnən mahnılar yüksək həvəs və bacarıqla ifa edilib.

Keçirilən görüşdən Mahirə xanıma xatirə plaketi, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun çəkdiyi portret təqdim edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olan Mahirə Hüseynova  1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinifinə daxil olub, orta təhsilini Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbində davam etdirib. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fakültəsinə daxil olub. Təhsil aldığı illərdə xüsusi fəallığı ilə seçilən Mahirə Hüseynova  1984-cü ildə fərqlənmə diplomu ilə məzun olub. Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim işləyib, fəaliyyəti dövründə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülüb. 2003-cü ildə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olub, I dərəcəli diplom alıb. 2012-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək “filologiya üzrə fəlsəfə doktoru” elmi adını alıb. 2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olan Mahirə Hüseynova 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilib.

Leave a Reply

Your email address will not be published.