
“Azercell Tələbə Təqaüd proqramı-2024 Naxçıvan Dövlət Universitetində” adlı təqdimat keçirilib
Ali təhsil müəssisəsinin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı qonaqları salamlayaraq, keçirilən tədbirlərin gənclərin inkişafına və gələcək karyeralarına müsbət təsirindən danışıb, universitetimizdə mütəmadi keçirilən bu tədbirlərin tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini vurğulayıb.
Azercell Telekom MMC-nin İnsan Kapitalının İdarə edilməsi departamenti, Biznes partnyorluq və Performansın idarə edilməsi şöbəsinin mütəxəssisləri Günay Quliyeva və Fatimə Abdullayeva qeyd ediblər ki, bu əhəmiyyətli təqaüd proqramını həyata keçirməkdə əsas məqsəd təhsildə müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarətdir. Vurğulanıb ki, proqramın bütün seçim mərhələlərini uğurla keçən tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən 300 AZN məbləğində aylıq təqaüd alacaq. Eyni zamanda gənclər proqram çərçivəsində İKT sahəsindəki biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qoşulmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edə biləcəklər. Təqdimatda tələbələrin mütəmadi olaraq onlayn təşkil olunan kurslara qoşulmalarının və özlərini inkişaf etdirmələrinin vacibliyi vurğulanıb. Bildirilib ki, proqram istiqamətləri kibertəhlükəsizlik, informasiya texnologiyaları, biznes analitikası, data science və marketinq ixtisasları üzrədir.
Sonda iştirakçıların sualları cavablandırılıb və tədbirdə fəal iştirak edən tələbələr Azercell Telekom MMC tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıb.