
Bədən Tərbiyəsi və İdman günü Naxçıvan Dövlət Universitetində qeyd edilib
Naxçıvan Dövlət Universitetinin İdman kompleksində “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir keçirilib.
Konfransı giriş sözüylə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il martın 4-də imzaladığı Sərəncama əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən muxtar respublikamızda “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Universitetin Pedaqoji fakültəsinin nəzdində 2000-ci ildə yaradılan İdman muzeyindən, ali təhsil ocağında idmanın 16 növü üzrə keçirilən məşğələlərdən ətraflı məlumat verilib. Bildirilib ki, yaradılan hərtərəfli şərait tələbələri bu istqamətdə daha fəal olmağa səsləyir. Prorektor bu gün münasibətiylə tələbə və müəllim heyətini təbrik edib.
Bədən Tərbiyə və idman kafedrasının müdiri, Naxçıvan MR-nın Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəz Tağıyev muxtar respublikada idmanın inkişaf tarixindən söz açaraq qeyd edib ki, idmanın inkişafı, müxtəlif sahələri üzrə yaradılmış olimpiada mərkəzləri bu sahəyə xüsusi diqqətin olduğunun əyani sübutudur.
Sonra Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Tibb kollecinin qızları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib və universitetin komandası qalib olub. Qalib komanda kubok və komandanın hər bir üzvü isə diplomla təltif edilib. Oğlanlar arasında voleybol yarışı isə universitetin yığma voleybol komandası ilə ali təhsil ocağının Pedaqoji fakültəsinin komandası arasında keçirilən yarışda yığma komandamız qalib olub. Şahmat üzrə tələbələr arasında keçirilən yarışda isə 10 nəfər şahmatçı iştirak edib. Oyunun final mərhələsi isə 5 mart tarixində olacaq.