Bakı Musiqi Akademiyasının müəllimi Naxçıvan Dövlət Universiteti Konservatoriyasının tələbələrinə onlayn seminar keçib

Bakı Musiqi Akademiyasının müəllimi Naxçıvan Dövlət Universiteti Konservatoriyasının tələbələrinə onlayn seminar keçib

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Bakı Musiqi Akademiyasının “Fortepiano, orqan və klavesin” kafedrasının baş müəllimi, Azərbaycanda  Orqan üzrə ilk Beynəlxalq müsabiqə laureatı Səbinə Bəylərbəylinin iştirakı ilə online seminar keçirilib. “Orqan alətinin yaranması” mövzusunda olan seminarda fakültənin 40 nəfər müəllim və tələbə heyəti iştirak edib.

 Seminarda universitetin İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov çıxış edərək bildirib ki, 1964-cü ildə Azərbaycanda orqanın yenidən bərpa edilməsindən sonra bəstəkarlarımız bu alət üçün əsərlər yazmağa başlayıblar.  Azərbaycanda orqan mədəniyyətinin formalaşması Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor  Z.Cəfərovanın, beynəlxalq arenada tanınması isə Səbinə Bəylərbəylinin adı ilə bağlıdır. Vurğulanıb ki, bu fənn 1996-cı ildən  Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin “Fortepiano” (İfaçılıq)  kafedrasında tədris olunur. Hal-hazırda bu fənni kafedranın müəllimi Ülvi Əhmədov tədris edir.

Sonra Bakı Musiqi Akademiyasının “Fortepiano, orqan və klavesin” kafedrasının baş müəllimi, Azərbaycanda  orqan üzrə ilk Beynəlxalq müsabiqə laureatı Səbinə Bəylərbəyli alətin yaranma tarixinə nəzər salıb. Qeyd edilib ki, orqan ən iri həcmli və ən qədim olmaqla dilli-nəfəsli musiqi alətidir. Onun tarixi bir neçə minillik təşkil edir.  Bildirilib ki, öz həcmi, diapazon böyüklüyü, imkanları və tembr rəngarəngliyinə görə musiqi alətlərinin şahı sayılır. Nəfəsli orqan da adlandırılır ki, bu termin vasitəsilə elektron orqanlardan fərqlənir.

Sonda mövzu ətrafında çıxışlar olub və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.