
Baytarlıq ixtisası üzrə təhsil alan I kurs tələbələri Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində yaradılan şəraitlə tanış olublar
Naxçıvan Dövlət Universitetinin Baytarlıq ixtisası üzrə təhsil alan I kurs tələbələri Dövlət Baytarlıq Xidmətində yaradılan şəraitlə yaxından tanış olublar.
Keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov çıxış edərək Muxtar respublikada biotəhlükəsizliyin qorunması, xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması məqsədilə xidmətin vaksin və bioloji preparatlarla təchiz olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktika məqsədilə peyvəndləmə, dezinfeksiya işləri aparılır, epizotiya əleyhinə ardıcıl tədbirlər həyata keçirilir. Baytar həkimlərin və texniklərin hazırlanması, xidmətin avtomobil və avadanlıqlarla, tələb olunan miqdarda vaksin və bioloji preparatlarla təchiz olunması, mütəmadi olaraq peyvəndlənmə, dezinfeksiya işlərinin aparılması hesabınadır ki, hazırda muxtar respublikada epizootik vəziyyət sabitdir. Bütün bunlar baytarlıq sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir.
Ali təhsil müəssisəsinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədov çıxışı zamanı qeyd edib ki, tələbələrin mütəmadi olaraq xidmətdə təcrübə keçmələri onların gələcəkdə peşəkar kadr kimi yetişmələrinə əsaslı zəmin yaradır. Diqqətə çatdırılıb ki, hazırda universitetdə Baytarlıq ixtisasında təhsil alan tələbələrin əsas vəzifələrindən biri də muxtar respublikanın rayon və kəndlərində heyvandarlığın inkişafı ilə bağlı həyata keçirilən Dövət Proqramları, damazlıq heyvandarlıq, sünü mayalanma texnikası və damazlıq uçotun aparılması ilə bağlı şəxsi və fermer təsərrüfatlarında maarifləndirici tədbirlərin aparılmasıdır.
Sonra tələbələr xidmətdə onlar üçün yaradılan, tədris üçün müəyyən edilən sinif otaqları, mövcud ləvazimatlar, laboratoriyalar ilə tanış olublar.