
Baytarlıq ixtisasının tələbələri Süni mayalanma Mərkəzində olublar
“Baytarlıq” ixtisasının tələbələri Süni mayalanma Mərkəzində olublar. Mərkəzin inzibati binasında tələbələr üçün auditoriya quraşdırılıb. Süni mayalanma törədicilərindən toxum alınma binasında tələbələr əyani sürətdə erkək heyvanlardan toxum alınması prosesini izləyiblər. Heyvanların yemlənməsi, suvarılması, təmizlənməsi ilə bağlı işlərlə tanış olublar. Baytarlıq klinikasında olan tələbələr heyvanların müayinəsini, heyvanlara qulluq prosesini izləyiblər. Qazanılan təcrübə nəzəri biliklərin gələcəkdə tətbiqində böyük əhəmiyyətə malikdir.
Mərkəzin işçisi qeyd edib ki, damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılmasında və sürətlə törəyib artmasında ən mütərəqqi zoobaytar tədbirlərdən biri də süni mayalama üsuludur. Muxtar respublikada 15 ilə yaxın bir dövrdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılıb, süni mayalanma tədbirləri həyata keçirilib. Törədici toxumların və digər avadanlıqların idxal olunmasına baxmayaraq ötən dövrdə muxtar respublikamızda 83 min başa yaxın mal və camışlarda süni mayalanma aparılıb, 60 minə yaxın cins buzov alınıbdır. Artıq muxtar respublikada mal-qaranın cins tərkibində ciddi dəyişiklik vardır. Vurğulanıb ki, həm elmi-tədqiqat və həm də tədris-təlim mərkəzi rolunu oynayan mərkəz muxtar respublikada heyvandarlığın inkişafında yeni mərhələnin əsasını qoyacaqdır. Diqqətə çatdırılıb ki, bu ixtisas üzrə təhsil alan tələbələrin əsas vəzifələrindən biri də muxtar respublikanın rayon və kəndlərində heyvandarlığın inkişafı ilə bağlı həyata keçirilən Dövət Proqramları, damazlıq heyvandarlıq, sünü mayalanma texnikası və damazlıq uçotun aparılması ilə bağlı şəxsi və fermer təsərrüfatlarında maarifləndirici tədbirlərin aparılmasıdır.
Qeyd edək ki, 2020-ci il fevral ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Naxçıvan Dövlət Universiteti “Baytarlıq” ixtisası üzrə təhsil alan tələbələrin təhsil haqlarından azad edilməsi həmin sahəyə göstərilən dövlət qayğısının bariz ifadəsidir. Tələbələrin gələcəkdə Dövlət Baytarlıq Xidmətində işlə təmin olunması ixtisaslı kadr hazırlığına mühüm töhfə verməklə yanaşı muxtar respublikada yeni Süni Mayalanma Mərkəzinin yaradılması da tələbələrin təcrübi dərslərinin keçirilməsində mühüm baza rolunu oynayacaq.