Berlin Texnik Universitetinin araşdırmaçı alimi, kimya elmləri doktoru Şəhanə Hüseynova Naxçıvan Dövlət Universiteti tələbələri üçün “Nanoquruluşların təsnifatı. Kvant ölçü effektləri” mövzusunda vebinar keçib

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Almaniyanın Berlin Texnik Universitetinin araşdırmaçı alimi, Santyaqo de Kompostela Universitetində kimya elmləri doktoru Şəhanə Hüseynovanın iştirakı ilə “Nanoquruluşların təsnifatı. Kvant ölçü effektləri” mövzusunda vebinar keçirilib.

Vebinarı giriş sözüylə fakültənin dekanı Bəhruz Məmmədov açaraq bu cür görüşlərin əhəmiyyətini diqqətə çəkib.

Nanoquruluşların təsnifatı haqda məlumat verən kimya elmləri doktoru Şəhanə Hüseynova bildirib ki, bütün nanoquruluşların unikallığı onların səthinin və həcminin elektron quruluşundan asılıdır. Nanomaterialların quruluşu mürəkkəb olmaqla yanaşı, fəzada yerləşməsindən, onların təbiətindən, qalınlığından, quruluşun sərhəd şərtlərindən asılıdır. Qeyd olunub ki, maddələr nanosəviyyədə fiziki-kimyəvi xassələrini dəyişir və bu zaman tamamilə yeni xassəli maddələrin yaranması müşahidə olunur. Nanozərrəciklərin nanoklasterlər və nanokristallar adlı iki növü haqda məlumat verən Şəhanə Hüseynova qeyd edib ki, nanozərrəciklər haqqında ən dolğun məlumatı kvant-mexaniki hesablamalardan almaq mümkündür. Vurğulanıb ki, qızılın nanohissəciklərindən ibarət kolloid məhlulu kimyaterapiyada olduqca effektli təsirə malikdir. Qeyd olunub ki, qızıl nanohissəcikləri xərçəng hüceyrələrini aşkar edir və müəyyən zaman müddətində bu hüceyrələri iflic edərək daha sonra məhvinə səbəb olur. Kimya elmləri doktoru kvant effektləri haqda məlumat verərək bildirib ki, nanotexnologiyalarda bütün texnoloji əməliyyatlar nüvə və atom fizikasından fərqli olaraq, atomlarla yox, molekullarla, klasterlərlə və nanokristallarla aparılır. Diqqətə çatdırılıb ki, kvant-ölçü effektləri dedikdə, hərəkəti bir, iki və ya üç istiqamətdə məhdudlaşan yükdaşıyıcı enerjinin kvantlanması ilə bağlı effekt başa düşülür. Ümumiyyətlə, kvant-ölçü effektləri zamanı istilik tutumu, elektrik keçiriciliyi və elektronların nəqli, bir sıra optiki, maqnit və termodinamik xassələrin dəyişməsi baş verir. Təcrübə əsasında göstərilib ki, kvant ölçüləri müxtəlif olan yarımkeçirici metalların kolloid məhlullarından işıq şüasını keçirdikdə bu zaman fərqli rənglər müşahidə olunur. Eyni zamanda bu metalların müxtəlif nanoölçüdə elektrik və istilikkeçiriciliyi həmçinin kimyəvi aktivliyi müxtəlif dozada olur.

Müzakirə şəklində davam edən vebinarda müəllim və tələbələrin sualları cavablandırılıb.