
Beynəlxalq gənclər təşkilatının Naxçıvan nümayəndəliyi yaradılıb
27 may 2023-cü il tarixdə Bakı şəhərində ELSA Azərbaycanın VII Milli Şura Toplantısı keçirilib. Toplantıda Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti iştirak edib. Şuraya təklif olunan əsas məsələlər sırasında ELSA Naxçıvanın yaradılması, ELSA Naxçıvanın potensial İdarə Heyətinin təsdiq olunması olmuşdur. Şuranın yekdil qərarı ilə ELSA Naxçıvan yaradılaraq, Milli İdarə Heyətinin təklifi ilə ELSA Naxçıvanın Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının 8 tələbəsindən ibarət İdarə Heyəti təsdiq olunub.
Qeyd edək ki, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA – the European Law Students’ Association) dünyanın ən böyük hüquq tələbələri təşkilatıdır. ELSA Avropanın 42 ölkəsinin, 210 universitetindən olan 35,000-dən çox hüquqşünas tələbəni və gənc hüquqşunası özündə birləşdirir. Təşkilatın yaradılmasında və hal-hazırki fəaliyyətində əsas məqsəd Avropanın müxtəlif ölkələrindən olan gəncləri eyni təşkilatda birləşdirməklə, onlar arasında mənəvi-əxlaqi inteqrasiyaya, elmi biliklərin paylaşılmasına nail olmaqdan, Beynəlxalq Konfranslar, Təlimlər, Səhnələşdirilmiş Məhkəmə prosesləri keçirilməsi yolu ilə hüquqşünas tələbələrin nəzəri biliklərinin praktiki tətbiqinə şərait yaratmaqdan ibarətdir.