
“Beynəlxalq Könüllülər Günü“ münasibəti ilə Naxçıvan Dövlət Universitetində təhsil alan fəal könüllülərin mükafatlandırılması mərasimi keçirilib
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev könüllülük fəaliyyətinin mahiyyəti və iş prinsipləri barədə danışıb. Bildirilib ki, ölkəmizin bütün sahələrində olduğu kimi könüllülük fəaliyyəti ilə bağlı proqramlar Naxçıvan Dövlət Universitetində də icra olunur. Bu proqram çərçivəsində ali təhsil müəssisələrinin fəaliyyəti mühüm yer tutur və bu baxımdan, Naxçıvan Dövlət Universitetində təhsil alan 500-ə yaxın tələbə müxtəlif layihələr üzrə könüllülük proqramlarına qoşularaq tədbirlərin və müsabiqələrin təşkilində, universitetin təlim-tərbiyə işlərində yaxından iştirak edirlər. Diqqətə çatdırılıb ki, tələbələrin universitet həyatındakı təşəbbüskarlığı, yeniliyi və yaradıcı yanaşmaları son illərin ən böyük uğuruna səbəb olub. Rektor qeyd edib ki, İnformasiya Kommunikasiya Texnologiyaları, kitabxana, media mərkəzi, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı könüllüləri universitetimizdə keçirilən tədbirlərin təşkilində yaxından iştirak edirlər. Vurğulanıb ki, tələbələrin universitetlə yanaşı həm də universitetdən kənar olan digər könüllü fəaliyyətlərində də iştirak etmələri müsbət haldır.
Naxçıvan dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Hüseyn İmanov könüllülərin fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, Təhsil şöbəsinin nəzdində yaradılan könüllülük proqramı, eyni zamanda universitetin texniki bazasına xüsusi köməklik göstərən 100-ə yaxın gənci öz ətrafında birləşdirib.
Daha sonra Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Hüquq kafedrasının müəllimi Əziz Qasımov könüllü proqramının uğurlu nəticələr göstərdiyini qeyd edib və könüllülüyün Azərbaycan xalqının ənənəvi sərvəti olduğunu vurğulayıb. Bildirilib ki, könüllülər onlar üçün yaradılan şəraitdən yararlanaraq gələcəkdə də uğurla fəaliyyət göstərəcəklər.
Sonda könüllülərə sertifikat və hədiyyələr verilib.