“Beynəlxalq Təhsil Forumu nümunəsində tərcümə bacarıqlarının tətbiqi simulyasiyası” adlı tədbir keçirilib

 “Beynəlxalq Təhsil Forumu nümunəsində tərcümə bacarıqlarının tətbiqi simulyasiyası” adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində keçirilən tədbirdə ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev fakültədə peşəkar kadr və mütəxəssis hazırlığından söz açıb. Qeyd edilib ki, yaradılan şəraitdən səmərəli istifadənin nəticəsidir ki, bu gün müəllim və tələbələr muxtar respublikada həyata keçirilən müxtəlif məzmunlu beynəlxalq tədbirlərdə sinxron tərcümənin təşkilində yaxından iştirak edirlər. Rektor universitetdə yaradılan IELTS qeydiyyat və imtahan mərkəzinin fəaliyyətindən söz açaraq bildirib ki, Xarici dillər fakültəsində belə bir mərkəzin yaradılması təhsilə göstərilən dövlət qayğısının bariz göstəricisidir. Elbrus İsayev tədbirin işini yüksək qiymətləndirib, belə tədbirlərin davamlı olmasını arzulayıb.

          Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli çıxışı zaman qeyd edib ki, müəllim və tələbələrin istifadəsinə verilən yeni tədris binası, fakültədə yaradılan hərtərəfli şərait, xarici dillərin daha mükəmməl öyrədilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dekan gənclər üçün yaradılan şəraitə, diqqət və qayğıya görə minnətdarlıq edib.

          Sonra “Tərcümə sənətinin inkişaf yolu” mözusunda İngilis dili müəllimliyi  ixtisası üzrə II kurs tələbəsi İnci Həzizadə, sinxron tərcümədə isə həmin kursun tələbəsi Səidə Musayevanın çıxışı dinlənilib. Qeyd edilib ki, tərcümə qədim zamanlarda, xalqlar, ayrı-ayrı dillərdə danışan qəbilələr, etnik qruplar arasında ünsiyyətə ehtiyac yarandığından meydana gəlib.

          Daha sonra I kurs magistrant Nuray  Əliyeva, Tərcümə ixtisası üzrə IV kurs tələbələri Röyalə Həsənova və Səbinə Səlimova,  sinxron tərcümədə isə  Tərcümə ixtisası üzrə III kurs tələbələri Yaqut Məmmədova və Günay Şükürova, həmin ixtisas üzrə IV kurs tələbəsi Səbinə Məmmədzadə “ Tərcümə bacarıqlarının praktiki tətbiqinə dair BMT Təhsil Simulyasiyası” mövzusunda çıxış ediblər.

          Sonda İngilis dili və tərcümə kafedrasının təşkil etdiyi “Yazılı tərcümə” müsabiqəsinin nəticələri elan olunub, qaliblərə diplomlar təqdim edilib.

          Qeyd edək ki, Tərcümə ixtisası üzrə IV kurs tələbəsi Səbinə Məmmədzadə müsabiqədə I yerin sahibi olub.

          Tərcümə ixtisası üzrə IV kurs tələbəsi Surə Qəmbərova II, Tərcümə ixtisası üzrə II kurs tələbəsi Aydan Əlizadə isə III yerə layiq görülüblər.

          Əlavə olaraq nəzərinizə çatdıraq ki, Tərcümə ixtisası üzrə IV kurs tələbələri Röyalə Həsənova və Səbinə Səlimova Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə və ictimai işlərdə fəal iştiraklarına görə Fəxri Fərmanla mükafatlandırılıblar.

Leave a Reply

Your email address will not be published.