Çankırı Universitetinin rektoru Harun Çiftçi və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olublar

Çankırı Universitetinin rektoru Harun Çiftçi və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olublar

İkitərəfli görüşdə NDU-nun Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu ifadə edib. Prorektor universitetin strukturu, mövcud ixtisaslar barədə məlumat verib. Ali təhsil ocağının beynəlxalq əməkdaşlığında Türkiyə universitetlərinin xüsusi rolu olduğu qeyd edilib. Çankırı Karatekin universiteti ilə aparılan ikili diplom layihələri barədə müzakirələr aparılıb. Prorektor Çankırı Karatekin Universiteti ilə əlaqələrin 2017-ci ildən başlandığını qeyd edib.

Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi Naxçıvan Dövlət Universitetində xoş qarşılanmaqdan duyduğu minnətdarlıq hissini dilə gətirib. Rektor, rəhbərlik etdiyi ali təhsil ocağında tədrisi həyata keçirilən mövcud ixtisaslar barədə məlumat verib. Bildirilib ki, ali təhsil ocağı beynəlxalq əlaqələrə verdiyi töhfələrlə Türkiyə universitetləri arasında xüsusilə seçilir. “Çankırıda Duzdağ mağarasının olduğunu nəzərə alsaq gələcəkdə birgə əməkdaşlığa dair layihələr həyata keçirmək daha məqsədəuyğun olar” deyə rektor diqqətə çatdırıb.

NDU-nun Elm və innovasiyalar üzrə prorektoru Elsevər Əsədov birgə elmi araşdırmalar, ortaq konfranslar barədə öz fikirlərini bildirib. Universitetin Tibb fakültəsinin müəllim və tələbələrinin qardaş ölkədə yay təcrübələri keçdikləri qeyd edilib.

NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə Texnopark sahəsində əməkdaşlığa dair bir sıra məqamlara aydınlıq gətirib.

Görüşdə duzla əlaqədar birgə elmi araşdırmaların həyata keçirilməsi, Kimya, Biologiya ixtisasları sahəsində ikili diplom layihələri haqda müzakirələr aparılıb.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

Sonra qonaqlar universitetin akademik Yusif Məmmədəliyev adına elmi-tədqiqat kimya laboratoriyasında olub, Naxçıvan duzundan hazırlanmış müxtəlif tərkibli sabunların distillə suyunda hazırlanmış məhsulların elektrikkeçiriciliyinin, ph göstəricisinin ölçülməsi prosesini izləyiblər. Kimya kafedrasının baş müəllimi Sevinc Kərimova sabunların insan orqanizmində enerji axınının hansı ölçüdə tənzimlənməsi barədə faktları diqqətə çatdırıb. O, hazırladığı sabunlardan qonaqlara hədiyyə verib.

Qonaqlar universitetin Pedaqoji fakültəsinin nəzdində fəaliyyət göstərən Texnologiya mərkəzində olub, müəllim və tələbələrin hazırladığı əl işləri ilə tanış olublar.   “Tikiş texnologiyası”, “Xalçaçılıq texnologiyası”, “Toxuculuq texnologiyası”, “Kulinariya”, “Ağac və metal məmulatlarının hazırlanması texnologiyası” kabinələrində hazırladıqları əl işlərinə baxıblar. Fənlərin tədrisi metodikasının müdiri Mətanət Quliyeva qonaqlara mərkəzdə hazırlanan əl işlərindən  hədiyyələr təqdim edib.

Memarlıq və mühəndislik fakültəsinin STEAM mərkəzində olan Çankırı Universitetinin rektoru Harun Çiftçi və nümayəndə heyəti fakültənin müəllim və tələbələrinin hazırladığı yanğından mühafizə sistemi, dənli bitkilərin qablaşdırılıması, ağıllı şkaf, elektriklə işləyən avtomobil və çeşidləmə aparatını yaxından müşahidə ediblər. Fakültə dekanı Cavanşir Zeynalov qonaqları mərkəz haqqında məlumatlandırıb. Daha sonra Tibb fakültəsi ilə tanışlıq zamanı qonaqlar fakültədə fəaliyyət göstərən kabinə və labora­toriyalarla tanış olublar. Fakültənin dekanı İlhamə Mustafayeva qonaqlara universitetin Tibb təhsili haqqında geniş məlumat verib

Leave a Reply

Your email address will not be published.