
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Naxçıvan Dövlət Universitetində qeyd olunub
Naxçıvan Dövlət Universitetində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. İlk öncə universitetin İncəsənət fakültəsinin sərgi salonunda əlamətdar tarixi gün münasibətilə təşkil edilən sərgiyə baxış olub. Təsviri incəsənət kafedrasının müdiri, Əməkdar rəssam Həbibə Allahverdiyeva bildirib ki, təşkil edilən sərgidə kafedranın müəllim və tələbələrinin birgə hazırladığı 40-dan çox rəsm əsəri, boyakarlıq, dekorativ tətbiqi sənət nümunələri vardır. Həmçinin sərgidə Texnologiya müəllimliyi ixtisası tələbələrinin hazırladığı 15-ə yaxın əl işlərinin də olduğu bildirilib. Universitetin rektoru Elbrus İsayev kreativ ideyalarla zəngin əl işlərinin zəngin yaradıcılıq məhsulu olduğunu vurğulayıb, tələbələrin yaradıcılığını qiymətləndirib, onlara uğurlar arzulayıb. Sonra fakültənin akt zalında təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru ümummilli liderin Naxçıvanda atdığı tarixi qərarların ən mühümü kimi 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı qərarınının əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, Ulu öndər Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edərək dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasının ölkə miqyasında təsbit edilməsinə nail olub. Ali təhsil ocağının tələbə və müəllim heyətini təbrik edən-rektor diqqətə çatdırıb ki, bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq istiqamətində əvəzsiz rol oynayır. Rektor hər kəsi 2020-ci ilə yeni arzu, diləklərlə daxil olmağa, hər bir gənci əsl Azərbaycan vətəndaşı kimi milli-mənəvi dəyərlərimizin fəal təbliğatçısı olmağa səsləyib.
Universitetin İncəsənət fakültəsinin tələbələri bir-birindən maraqlı musiqi, rəqs nömrələri ilə tədbiri daha da şənləndirib. Qeyd edək ki, bu tarixi gündə azərbaycanlılarla həmrəy, birgəlik nümayiş etdirən əcnəbi tələbələrin də bədii qiraəti, musiqi, rəqs nümunələri tədbirə xoş ovqat bəxş edib. Yeni ilin rəmzi sayılan Şaxta baba və qar qızın gəlişi tədbirin rəngarəngliyinə səbəb olub. Sonda xatirə şəkli çəkdirilib.