
Dünya şöhrətli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Musiqi təlimi kafedrasının müdiri Sevinc Musayeva tədbiri giriş sözü ilə açıb. Dünya şöhrətli bəstəkarın həyat və yaradıcılğına nəzər salan Sevinc Musayeva qeyd edib ki, Arif Məlikov çoxlarından fərqli olaraq şöhrətə gedən yola çox gənc yaşlarında çıxıb. Bəstəkar 26 yaşında ikən yazdığı “Məhəbbət əfsanəsi” ilə minlərin, milyonların gözə görünməyən məhəbbətini qazanıb. Dünyanın 60-dan çox ölkəsinin səhnələrində tamaşaya qoyulan “Məhəbbət əfsanəsi” baleti təkcə müəllifinə deyil, həm də onun mənsub olduğu xalqa böyük şöhrət qazandırıb.
Diqqətə çatdırılıb ki, Qara Qarayev kimi dünya şöhrətli Azərbaycan bəstəkarından dərs alan Arif Məlikov musiqimizdə, incəsənətimizdə yeni bir səhifə açaraq təkcə müəlliminin arzu və istəklərini doğrultmamış, həm də əbədi yaşamaq hüququ, haqqı qazanmışdır. A.Məlikov öz simfoniyaları ilə XX əsrin sonu–XXI əsrin əvvəllərində milli simfonik musiqimizin əsas inkişaf istiqamətini müəyyən etmiş, bu sahədə aparıcı rol oynamış bəstəkardır. Sənətdə ilk addımlarından o, musiqi aləmində bir ulduz kimi parlamış, sahibi olduğu fitri istedadını sonrakı illərdə cilalayıb kamilləşdirdiyi peşəkarlığı ilə tamamlayaraq yeni zirvələrə yüksəlib. O, belə möhtəşəm əsərləri – “Metamorfozlar”, Nazim Hikmətin sözlərinə 2 vokal silsilə, xalq çalğı alətləri orkestri üçün əsərlər, 7 nömrəli simfoniya, “Azərbaycan” balladası, 8 nömrəli simfoniya və digər teatr tamaşalarına yazdığı musiqilərlə çoxdan əbədiyaşarlıq qazanıb. A.Məlikov, eyni zamanda, ən populyar Azərbaycan filmlərinə musiqi yazmış bəstəkardır. Onların sırasında “Sehrli xalat”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və başqalarını xüsusi qeyd etmək olar.
Vurğulanıb ki, Arif Məlikovun musiqisinə həm ulu öndər Heydər Əliyev, həm də dövlət başçısı İlham Əliyev çox böyük rəğbətlə yanaşıblar. Dövlətimizin başçısının 2013-cü il 13 sentyabr tarixli Sərəncamı ilə Arif Məlikov Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Tədbirdə Arif Məlikovun həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub.
Sonra görkəmli bəstəkarın əsərlərindən ibarət konsert musiqisevərlərə təqdim edilib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynovanın, “Lalə” vokal qrupunun, Orkestr alətləri və dirijorluq kafedrasının müəllimi İlkin Abdullayevin və başqalarının ifalarında səslənən “Dön geri bax”, “Yaşatdın məni”, “Gəl bizim dağlara”, “Çıx yaşıl düzə” mahnıları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.