Duzdağ Fizioterapiya Mərkəzi postkovid sindromlu xəstələrin müalicəsində əsas reabilitasiya mənbəyi hesab olunur

Duzdağ Fizioterapiya Mərkəzi postkovid sindromlu xəstələrin müalicəsində əsas reabilitasiya mənbəyi hesab olunur

Naxçıvan Dövlət Universitetində “Tibbin aktual problemləri: Postkovid sindromun spleoterapiyası” adlı elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev muxtar respublikada bir neçə dəfə olmuş, tibb təlimlərində iştirak etmiş və ölkə səhiyyə sisteminə tanış alimlərdən olan Lalə Allahverdiyeva və Təranə Tağızadənin tibbi araşdırmalarını elmə böyük töhfə kimi qiymətləndirdi.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri Niyazi Novruzov bildirdi ki, səhiyyə turizmi dövlət büdcəsinin formalaşmasında böyük rol oynayır və bu sahədə əsas obyektlərdən olan Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi və bir sıra müalicəvi bulaqlar muxtar respublikanın vizit kartı hesab oluna bilər.

“Duzdağ Fizioterapiya Mərkəzi”ndə Postkovid sindromunun reabilitasiya müalicəsi” mövzusunda çıxış edən ATU “Allerqologiya və immunologiya” kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Əməkdar Həkim, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva COVID-19 pandemiyasından sonra xəstələrdə postkovid sindromunun müşahidəsi halları və bu xəstələrin Duzdağ Fizioterapiya Mərkəzində reabilitasiyasının müsbət nəticələri barədə məlumat verdi. Məruzəçi qeyd etdi ki,  müalicə kurslarının sonunda xəstələrin əksəriyyətində əhvalın yaxşılaşması, laborator müayinələrin nəticələrində və psixo-emosional vəziyyətdə pozitiv dəyişikliklər müşahidə edilib.

ATU “II Uşaq xəstəlikləri” kafedrasının dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə “Azərbaycanda tibbi bioetikanın tarixi və inkişafı” mövzulu məruzəsində tibbi təhsil sistemində bioetikanın tədrisi təcrübə və perspektivləri barədə çıxış etdi. Bioetika, normativ etika və deontologiya anlayışlarının elmi izahını verən məruzəçi insanlığın müasir dünyada yaşaması üçün potensial təhlükələr ilə əlaqəli olan etik problemləri göstərdi.

Konfransda Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin üzvlərindən Mətləb İbrahimov, Elmar Rzayev, Gültəkin Əliyeva, Nüsrət Həsənov, Etibar Bababəyli və digər tibb alimləri əldə etdikləri yenilikləri iştirakçıların diqqətinə çatdırdılar.

Naxçıvan Dövlət Universitetinin “tədqiqatçı universitet” statusuna iddialı olduğunu vurğulayan rektor Elbrus İsayev bu sahədə tədqiqatçı alimlərin dünya təcrübəsinə əsaslanan araşdırmalarının mühüm rol oynadığını, tibb təhsilində davamlı inkişafın zəruri olduğunu qeyd etdi. Konfransda tibb sahəsində gələcək perspektiv inkişaf istiqamətləri, elm sahəsində  yeniliklər, yeni yanaşmalar və yeni elmi faktlar təqdim olundu.

Leave a Reply

Your email address will not be published.