Əhmədov Nazim Hidayət oğlu

                                                               İQTİSAD  ELMLƏRİ  DOKTORU,  PROFESSOR
                                                                              nazimahmedov@ndu.edu.az

 1947-ci il yanvarın 1-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Vənənd kəndində ziyalı ailəsində anadan olmuşdur.

1964-cü ildə həmin rayonun Vənənd kəndində orta məktəbi, 1968-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir. 1992-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirməklə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi, 2006-cı ildə isə doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.

Azərbaycan Respublikası Prezidenti yanında təşkil olunmuş Ali Attestasiya Komissiyası tərəfindən 1995-ci ildə dosent, 2011-ci ildə isə professor elmi adı verilmişdir.

1973-cü ildən Naxçıvan Dövlət Universitetində laborant kimi elmi-pedaqoji fəaliyyətə başlayan N. Əhmədov sonralar bu universitetdə 11- il kafedra müdiri, Naxçıvan Universitetində kafedra müdiri və dekan, Naxçıvan Müəllimlər institutunda isə kafedra müdiri vəzifələrində çalışmışdır.

Hazırda Naxçıvan Dövlət Universitetində “Mühasibat uçotu və maliyyə” kafedrasında professor vəzifəsində çalışır.

Professor N.Əhmədov 47 illik elmi-pedaqoji fəaliyyətini elmin və təhsilin inkişafına həsr etmişdir.

16 il Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “İqtisadiyyat” ixtisası üzrə təşkil olunmuş müdafiə şurasının üzvü və “Seminarın sədri” kimi fəaliyyət göstərmişdir.

Nazim Əhmədov 600-dən çox elmi və elmi-kütləvi əsərin müəllifidir. O cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, dərs proqramlarının müəllifidir. Çap etdirdiyi 30 kitabdan 15-i Naxçıvan iqtisadiyyatının inkişaf məsələlərinə həsr edilmişdir.

Əsərlərin bir çoxu xarici ölkələrdə, o cümlədən ABŞ, Rusiya, Ukrayna, Moldova, Türkiyə, İran, Çexiya, Polşa  və digər ölkələrdə nəşr edilmişdir.

2007-ci ildə ‘Tərəqqi” medalı, 2015-ci ildə “Qızıl qələm” mükafatı verilmiş, 2016-cı ildə Rusiya Təhsil və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.