“Elektron kitabxanaların təşkili və formalaşması problemləri” Naxçıvan Dövlət Universitetində keçirilən onlayn respublika konfransında müzakirə edilib

“Elektron kitabxanaların təşkili və formalaşması problemləri” Naxçıvan Dövlət Universitetində keçirilən onlayn respublika konfransında müzakirə edilib

Naxçıvan Dövlət Universitetində “Elektron kitabxanaların təşkili və formalaşması problemləri” adlı onlayn respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, elektron kitabxanalarda informasiya texnologiyalarının tətbiq edilməsi istifadəçilərə dünya informasiya məkanına daxil olması baxımında daha geniş imkanlar yaradır. Rektor bildirib ki, kitabxana fəaliyyətinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 20 aprel 2007- ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamı və 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub.

“M. F. Axundzadə adına Azərbaycan milli kitabxanasının biblioqrafik verilənlər bazaları” adlı çıxışında Bakı Dövlət Universiteti Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov bildirib ki, Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, hətta bütün dünyada tanınan ən böyük milli kitabxanalardan biridir. Bildirilib ki, kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub.  2004-cü ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva Mərkəzin elektron resursları və elektron xidmətlər haqda çıxışında vurğulayıb ki, UNEC Kitabxana İnformasiya Mərkəzi 2019-cu ildə Əsaslı kitabxananın bazasında yaradılıb. Diqqətə çatdırılıb ki, mərkəz Azərbaycanın dövlət siyasətini rəhbər tutaraq universitetin tədris prosesinə, elmi-tədqiqat və innovativ fəaliyyətinə uyğun olaraq fondunu Azərbaycan, ingilis, rus və türk dillərində kitab, kitabça, jurnal, qəzet, tədris proqramı, dissertasiya, avtoreferat və digər kitabxana-informasiya resursları ilə formalaşdırır, mühafizəsini və ondan istifadəni təmin edir.

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktoru Fariz Əhmədov “Elektron kitabxanalar və virtual xidmət” adlı çıxışında bildirib ki, 1968-ci il aprel ayının 23 dən fəaliyyət göstərən universitet Elmi Kitabxanası 2013 cü il iyulun 9 – dan isə elektron kitabxana kimi fəaliyyətə başlayıb. Diqqətə çatdırılıb ki, kitabxanaya üzv olan hər bir oxucu elektron kataloq vasitəsilə kitabxanaya gəlmədən kitabxana@ndu.edu.az emaili vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər. Oxucular sorğularına uyğun kitabı sifariş verdikdən 2 saat sonra onların sorğuları təmin edilir. Əgər oxucunun axtardığı çap materialı kitabxana fondunda yoxdursa, başqa kitabxanaların fonduna sorğu göndərilərək ən qısa zamanda oxucunun sorğusu təmin edilir.

“Azərbaycan elminin inkişafında elektron kitabxanaların rolu” adlı çıxışında AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva elektron kitabxanalardan istifadə qaydaları, mövcud resurslardan istifadə qaydaları haqda ətraflı məlumat verib.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Elektron kitabxanaların yaradılmasının proqram və texniki təminatı” adlı çıxışında  bildirib ki, avtomatlaşdırma prosesini həyata keçirmək üçün ilkin olaraq proqram təminatı seçilməlidir. Seçim zamanı mövcud proqram təminatı analiz olunmalı və onun içərisindən ən optimalı müəyyən olunmalıdır.

“Elektron kitabxanaların universitetlərin akademik inkişafına təsiri” adlı çıxışında Naxçıvan Universiteti Elmi Kitabxanasının müdiri Zamin Babazadə elektron kitabxanalarda müasir informasiya texnologiyalarının istifadə imkanları, bu sahədə tətbiq olunan intellektual vasitələr və trendlər haqda ətraflı məlumat verilib.

Konfrans “Elektron kitabxanaların müasir inkişafı istiqamətləri” adlı bölmə iclası ilə davam edib.