Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində bir ilk-elektron jurnal istifadəyə verilib

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində bir ilk-elektron jurnal istifadəyə verilib

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində elektron jurnalın təqdimat mərasimi keçirilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Memarlıq və  mühəndislik fakültəsi bu tədris ilində bir çox yeniliklərə imza atıb. 2020-2021-ci tədris ilində fakültədə yeni günəş və külək hibrid  qida qurğusu, günəş panelləri ilə istilik sistemi, robototexnika kabinəsi açılıb. Rektor bugün təqdimatı keçirilən və universitetdə ilk dəfə Memarlıq və mühəndislik fakültəsində istifadəyə verilən elektron jurnalın əhəmiyyətindən danışıb. Vurğulanıb ki, bu jurnal tələbələrin obyektiv qiymətləndirilməsində müstəsna əhəmiyyətə malikdir.

Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov tədbir iştirakçılarını bu jurnalın istifadə qaydaları ilə tanış edib. Bildirilib ki, elektron jurnala daxil olmaq üçün tələbə-müəllim qeydiyyatı yaradılıb.  Tələbə və müəllimlər qeydiyyatdan keçdikdən və  adminstrator tərəfindən təsdiq edildikdən sonra sistemə daxil ola bilər. Qeyd edilib ki, elektron jurnala fakültə üzrə ixtisaslar, kurslar, fənlər, keçirilən mövzuların adları yüklənilib. Sistemdə tələbənin davamiyyəti, biliyinin qiymətləndirilməsi, kollokvium qiymətləri və sərbəst iş qiymətləri öz əksini tapıb. Həmçinin sistem tələbənin alt qrupda və ya üst qrupda dərs götürmələri  imkanına da malikdir. Vurğulanıb ki, tələbə elektron jurnal vasitəsilə semestrin sonunda öz  transkriptini də görə bilər. Sonra isə müəllimlərin suallar cavablandırılıb.