Ümumi müddəalar

  1. Naxçıvan Dövlət Universitetində bakalavriat səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları (bundan sonra “Qaydalar”) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” və Avropa Kredit Transfer Sisteminə uyğun hazırlanmışdır.
  2. Naxçıvan Dövlət Universitetində kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:
    • hər bir tələbənin fərdi tədris planının olması və onların bu planın tərtibində iştirakı;
    • təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;
    • tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
    • biliyin qiymətləndirilməsində çoxballı  sistemin tətbiqi;
    • tələbə və müəllimlərin  mobilliyinin təmin olunması;
    • təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı;
    • fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin, tələbələrin kodlaşdırılması.
  3. Ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və  tələbəyə təhsil müddətində tədris planında müəyyən olunmuş krediti qazanmasına şərait yaratmalıdır.
  4. Naxçıvan Dövlət Universitetində Kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, qeydiyyat, qiymətləndirmə, monitorinq və s.) tərəfindən tənzimlənir.

ƏSAS ANLAYIŞLAR

Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.

İxtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir.

İxtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir.

İxtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı – ixtisasın (ixtisaslaşmanın) tədris planı və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış sənəddir.

Tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir.

Müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriyaya) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzə tələbələrin sayını özündə əks etdirən sənəddir.

Tələbənin sərbəst işi – tələbənin fərdi şəkildə nəzərdə tutulmuş tapşırıqları sərbəst və müəllimin rəhbərliyi altında auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir.

Akademik məsləhətçi (tyutor) – ali təhsil müəssisələrində tədris məsləhətçisidir.

Akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin ali təhsil müəssislərində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur.

AKTS (Avropa Kredit Transfer Sistemi) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma trayektoriyasını müəyyənləşdirən sistemdir. Bu sistem həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır.

Prerekvizit fənlər – öncə tədrisi zəruri olan fənlər.

Korekvizit fənlər – tədrisi paralel olaraq tövsiyə olunan fənlər.

Transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir.

Fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur.

Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsdilə tətbiq edilir.

Akademik təqvim – ali təhsil müəssisəsində tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir.

Müvəffəqiyyətlə təhsil alan tələbə – fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir.

TƏDRİSİN TƏŞKİLİ

  • Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər.
  • Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır. Beləliklə, tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanması və müdafiəsi, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlıq, imtahanın verilməsi və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
  • Tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı 4 fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla  hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərti ilə fənn(lər) də seçməyə icazə verilir.
  • Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etmək və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlər və onlara ayrılan kreditlərin ən azı 70%-i eyni olduğu halda) əlavə təhsil almaq məqsədilə ödənişli əsaslarla müvafiq ixtisasların fənn(lər)ini seçmək hüququ da verilir. Bu qayda ilə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir.
  • Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:
    1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə;
    2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə;
    3.  tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə;
  • Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır.
  • Kredit sistemində ali təhsil müəssisəsi tərəfindən ixtisasın (ixtisaslaşmanın) təhsil proqramı, ixtisasın (ixtisaslaşmanın) tədris planı (forma 1) və ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki (forma 2) hazırlanaraq müvafiq qurumlara, tələbənin fərdi tədris planı (forma 4) tələbələrə və tədris yükünü müəyyən edən müəllimin illik işçi tədris planı (forma 5) müəllimlərə verilir, eləcədə ali təhsil müəssisəsinin saytında yerləşdirilir.
  • Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planları hazırlanır. Tələbələrin fərdi tədris planları müəyyən olunmuş forma üzrə (forma 4) onların özləri tərəfindən tərtib olunur. Bu zaman akademik məsləhətçisinin (tyutor) köməyindən də istifadə oluna bilər.  Tələbələrin fərdi tədris planları tərtib edilərkən ali məktəb  tələbələrə həm fənn, həm də yüksək ixtisaslı müəllimlərin (müəllimlərin vəzifələri, elmi dərəcələri və elmi adları göstərməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planları tərtib olunarkən buraya ilk növbədə bir qayda olaraq əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir.
  • İxtisasın (ixtisaslaşmanın) illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı (forma 1), tədris qrafiki (forma 2) və tələbələrin fərdi tədris planları (forma 4) əsasında ali təhsil müəssisəsi tərəfindən hazırlanır.  Müəllimlərin illik işçi tədris planı (forma 5) ixtisasın (ixtisaslaşmanın) illik işçi tədris qrafiki (forma 2)  və tələbələrin fərdi planları əsasında hazırlanır.
  • Tələbə fənni növbəti dəfə götürdüyü zaman həmin fəndən dərslərdə iştirak etməklə fənnə qoyulan tələbləri tam yerinə yetirməlidir.Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 ildə toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər olunan bəzi peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir və həmin kreditləri bu Qaydaların tələblərinə uyğun yenidən yığmalıdır.
  • İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq tələbələrə bakalavriatda 240-300 kredit (tibb təhsilində 300-360 kredit), magistraturada 90 və ya 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
  • Tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçənlərin sayı bakalavriat səviyyəsində 30-dan çox olarsa, ali təhsil müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Bu halda tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeyd olunma ardıcıllığına görə müəyyənləşdirilir.
  • Ali təhsil müəssisələrində fənn və müəllimlərin seçiminə geniş imkan yaratmaq məqsədilə dərs cədvəli fənlər üzrə (müəllim göstərilməklə) tərtib olunur (Forma 6).
  • Ali təhsil müəssisəsi tərəfindən növbəti tədris ili üçün ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı və fənlər üzrə dərs cədvəlləri tələbələrin fərdi tədris planlarının əsasında hazırlanaraq mövcud qaydada tərtib və təsdiq edilir.
  • Sərbəst işlərin yoxlanılması və qəbulu dərsdənkənar vaxtda həyata keçirilməlidir.
  • Üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır.

 

YAY MƏKTƏBİ

  1. Yay semestri aşağıdakı məqsədlərlə yaradılır:
    • akademik borcların ləğv edilməsi;
    • fənlərin prerekvizitliyi gözlənilməklə humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş seçmə fənlərin kreditlərinin qazanılması;
    • müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;
    • ali məktəbin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditləri qazanmasına şərait yaratması.
  1. Yay semestri (nəzəri təlim və imtahanlar) 6 (altı) həftə olmalıdır.  İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla yay semestrinin sonuncu həftəsində təşkil olunmalıdır.
  2. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-u aşmamalıdır.
  3. Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalana qədər başa çatdırılır.
  4. Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.
  5. Tələbə yay semestrində iştirak etməsindən asılı olmayaraq payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək fakültəyə təqdim etməlidir.
  6. Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədilə tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, yay semestrində qiymətini yüksəltmək üçün həmin fənn üzrə yenidən dərslərdə iştirak edib imtahan verə bilər.
  7. Ali təhsil müəssisələrində yay semestri ödənişli əsaslarla həyata keçirilir.
  8. Yay semestrində tələbənin fənn üzrə 1 (bir) kreditinin ödənişi ali məktəbin bütün ixtisaslar üzrə həmin ilə dövlət sifarişi ilə ayrılmış məbləğin orta qiymətini 60-a (illik kreditin sayına) bölməklə  müəyyənləşir.
  9. Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını ali təhsil müəssisəsi öz maliyyə imkanını nəzərə alaraq müəyyənləşdirir.
  10. Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin 25%-dən az olmamaq şərti ilə əlavə vəsait verilir.
  11. Yay semestrində əldə olunan vəsaitin ən azı 15%-i 1.11 bəndində göstərilənlər istisna olmaqla rektorun əmri ilə buraya cəb olunan digər əməkdaşların əmək haqlarını ödəmək üçün müəyyənləşdirilir.

TƏLƏBƏLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Tələbə öz fərdi tədris planını tərtib edərkən bu “Qaydalar”la tanış olmalı və onlara ciddi riayət etməlidir.

Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə tədris olunan fənləri mənimsəməyə borcludur.

Fənn üzrə ayrılmış auditoriya saatlarının 30%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

Tələbə ali məktəbdən aşağıdakı hallarda xaric olunur:

  • üzrsüz səbəbdən semestr müddətində tədris olunan bütün fənlərə ayrılmış ümumi auditoriya saatların 30%-dən çoxunu buraxdıqda;
  • ali təhsil müəssisəsinin daxili intizam qaydaları ilə müəyyənləşdirilmiş digər hallarda.

Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan krediti yığa bilmədiyi halda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş hüquqları saxlanılmaqla digər imtiyazlarını itirir. Bu zaman o, tələbələr sırasından xaric olunmur və kontingent sırasında saxlanılmaqla təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişi ixtisas (ixtisaslaşma) üzrə dövlət sifarişi üçün müəyyən olunmuş illik məbləğin (özəl təhsil müəssisələrində illik təhsil haqlarının) 60-a bölüb götürdüyü fənlərin kreditinə vurmaqla müəyyənləşdirir.

Tələbə müəyyən olunmuş qaydada digər ali təhsil müəssisələrində də müvafiq fənlər üzrə kreditləri qazana bilər.

Ödənişli əsaslarla təhsil alan tələbə ödəmə qabiliyyətindən asılı olaraq öz fərdi tədris planını tərtib edərkən kreditlərin sayını azalda bilər, bu halda təhsil müddəti uzadılır.

Tələbə öz transkriptini ali təhsil müəssisəsindən təhsil aldığı dövrdə istənilən vaxt əldə edə bilər.

TYUTOR XİDMƏTİ

  1. Naxçıvan Dövlət Universitetində kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunub. Tyutorların sayı fakültələr üzrə təhsil alan tələbələrin sayı ilə müəyyənləşdirilir. Bu zaman hər bir tyutora 100-dən az olmamaq şərti ilə tələbə müəyyənləşdirlir. Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan  şəxslərdən seçilir. Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.
    Tyutorlar:
    • tələbələrin akademik maraqlarını qoruyur və  müdafiə edirlər;
    • tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;
    • tələbələrin fərdi və işçi planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;
    • müəyyən olunmuş müddətdə tələbələrin fərdi planlarının qəbulunu təşkil edirlər və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi planlarının tərtibində iştirak edirlər;
    •  tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər.

    Naxçıvan Dövlət Universitetində 11 fakültə üzrə 16 tyutor işə cəlb olunmuşdur.

AKADEMİK TƏQVİM