
Erasmus+proqramının PETRA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Təlim-tədris mərkəzi istifadəyə verilib
Naxçıvan Dövlət Universiteti tədrisin Avropa standartlarına uyğun qurulması və təkmilləşdirilməsi məqsədilə 2017-ci ildə təqdim edilmiş layihə əsasında Avropa İttifaqının Erasmus+proqramının PETRA layihəsinə qoşulub. 74 min avro dəyərində olan qrant layihənin tələblərinə uyğun olaraq 2 il ərzində universitet əməkdaşları Macarıstanın Debrecen, Türkiyənin Ankara Qazi, Avstriyanın Vyana Tətbiqi Elmlər, Finlandiyanın Jyvaskala, İspaniyanın Valensiya Politexnik Universitetlərində təcrübə kurslarında olub, qazandıqları təcrübə əsasında universitetdə müəllim və tələbələr üçün seminar-treninqlər keçiblər. 2017-2019-cu illəri əhatə edən layihənin sonuncu mərhələsində Naxçıvan Dövlət Universitetində Təlim-Tədris Mərkəzi və Elektron laboratoriya istifadəyə verilib. Magistratura mərkəzində qurulan mərkəzin açılışında çıxış edən universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu bildirib. Qeyd edilib ki, hədəf qrupları müəllimlər, tələbələr və idarəçilər olan layihənin məqsədi tədris və təlimə üstünlük verməkdir. Müəllimlərin pedaqoji və texnoloji ehtiyaclarını fəaliyyətinin bütün mərhələlərində qarşılamaq və tədris və təlim prosesinin inkişaf etdirilməsi üçün potensialın gücləndirilməsi, tədqiqatların təşviq edilməsi və innovativ texnologiyaların tətbiqi yolunda keyfiyyətli tədrisin təkmilləşdirilməsi və inkişafı layihənin xüsusi məqsədləri sırasında sadalanıb. Rektor mərkəzin fəaliyyətində perspektivləri dəyərləndirib, gələcək fəaliyyət istiqamətində mövcud təkliflərin də nəzərə alınacağını vurğulayıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov layihənin təkcə Naxçıvan Dövlət Universiteti üçün yox, ümumən muxtar respublika ali məktəbləri üçün də xüsusi əhəmiyyət daşıdığını qeyd edib, bu münasibətlə universitetin kollektivini təbrik edib və mərkəzin işinə uğurlar arzulayıb.
İspaniyanın Valensiya Politexnik Universitetindən Javier Orozco mərkəzin açılmasından məmnunluğunu ifadə edib. Erasmus+ Key Action tərəfdaşlığı Petra, potensialın artırılması, texnologiya və innovasiyaların istifadəsinin artırılması, tədris və tədqiqata dəstək verilməsi və Avropa ölkələri ilə uzunmüddətli tərəfdaşlıq quraraq, Azərbaycan Universitetlərində tədris və təlimin təkmilləşdirilməsinə yönələn layihənin əhəmiyyətindən bəhs edib və mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.
ERASMUS+ layihəsinin Azərbaycan nümayəndəliyinin direktoru Pərviz Bağırov bildirib ki, layihə çərçivəsində yaradılmış Təlim–Tədris Mərkəzinin universitetin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.
Ölkə universitetlərinin hər birində olan qonaqlar Naxçıvan Dövlət Universitetində qurub-yaradılan mərkəzin fəaliyyətindən xüsusi razılıqlarını ifadə ediblər.
Layihə iştirakçıları Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva, İngilis dili və tərcümə kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə qeyd ediblər ki, layihə, bu fikir və modelin başqalarına daha da yayılmasına imkan verən Azərbaycanda müəyyənləşdirilmiş təhsil müəssisələrində təhsil prosesinə rəhbərlik etmək və metodik cəhətdən dəstəkləmək üçün təlim və tədrisdə mükəmməllik modelini qurmaqla müəyyən edilmiş ehtiyaclara xidmət edəcəkdir. Bu layihə tədris və təlim proseslərinin inkişafına, universitet müəllimlərinin bacarıqlarının artırılmasına və onların tədrisində texnologiya və yeniliklərdən istifadə etməyə imkan verəcək. Diqqətə çatdırılıb ki, mərkəzin fəaliyyətinə 3 otaq ayrılıb və bu otaqlarda dəyəri 24 min 800 avro məbləğində olan avadanlıqlar quraşdırılıb. Sonda layihə iştirakçılarına sertifikatlar verilib.
Qeyd edək ki, yekunu Naxçıvan Dövlət Universitetində baş tutan layihədə İspaniyanın Valensiya Politexnik Universitetindən Elena de la Poza da iştirak edib. Bu məqsədlə Azərbaycan ali məktəblərindən – Azərbaycan, Xəzər, Pedaqoji, Bakı Slavyan, Azərbaycan Dillər, Gəncə, Sumqayıt Dövlət Universitetlərinin də nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olublar. Qonaqları universitetin rektoru qəbul edib. Universitetin maddi-texniki bazası, mövcud imkanları barədə məlumat verilib. Sonra qonaqlar ali təhsil ocağının fakültələrini gəzib, İKT, Media, Distant Təlim, Koreya Mərkəzində olublar. Universitetin maddi-texniki bazası, fakültələri, qurub-yaradılan imkanlarını öz gözləri ilə görən qonaqlarda yüksək təəssürat formalaşıb. İngilis dili və tərcümə kafedrasının müəllimi Aidə Cəlilzadənin yüksək peşəkarlıqla tədris etdiyi dərsdə iştirak edən qonaqlar universitetin müəllimləri haqda müsbət fikirlər səsləndiriblər. Qonaqlar həmçinin muxtar respublikanın turizm potensiallı yerlərində- Duzdağ Fizioterapiya mərkəzində, Xan sarayında, Açıq səma altında muzeydə, Naxçıvan Biznes Mərkəzində, Möminə xatun məqbərəsində, Əshabi-Kəhf dini ziyarətgahında olublar. Qeyd edək ki, qonaqlar üçün Naxçıvanın turistik əhəmiyyətli bir çox yerlərində yemək və çay süfrəsi də təşkil edilib.