
Gələcəyin memarları Dağlıq Qarabağın bərpası ilə eskizlər hazırlayıblar
Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində sərgi təşkil edilib. Qarabağın işğaldan azad edilmiş yurd yerlərinin bərpası ilə bağlı sərgidə tələbələrin eskizləri, qrafik işləri yer alıb. Sərgini giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, bu böyük zəfərin xalqımıza və dünya azərbaycanlılarına bəxş etdiyi qürür və fəxarət hissinin əvəzsiz olduğunu dilə gətirib. Qarabağ qələbəsinin ölkəmizin rəhbərliyinin səriştəsi, milli ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə olunduğunu vurğulayıb. Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun döyüş şücaəti nəticəsində Dağlıq Qarabağın mənfur düşmən tapdağından azad olunması münasibətilə hər kəsi təbrik edən rektor vətənimizin dilbər güşələrindən olan Qarabağımızın tarixi və mədəni irsindən danışıb. Vurğulanıb ki, çox qürurlandırıcı haldır ki, bugün gələcəyin memarı olacaq tələbələr işğaldan azad edilən torpaqların bərpası ilə bağlı layihələrini təqdim edirlər. Rektor bütün tələbələri bu münasibətlə təbrik edib, hazırlanan eskizlərin gələcəkdə istifadə olunması ilə bağlı arzu və təkliflərini çatdırıb.
Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov tələbələrin belə bir sərgini təşkil etməsindən qürur duyduğunu bildirib və tələbələrə uğurlar arzulayıb.
“Memarlıq” ixtisası üzrə III kurs tələbəsi İlahə Babayeva bu cür sərginin təşkil edilməsinə görə tələbələr adından universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, sərgidə təqdim olunan Xudafərin körpüsünün maketi ən maraqlı təqdimatlardan olub. “Memarlıq” ixtisası üzrə IV kurs tələbəsi Cavid Məmmədov bu tarixi tikilinin bərpası istiqamətində öz təkliflərini sərgi iştirakçılarının diqqətinə çatdırıb.
Sonda rektor tələbələrin əl işlərini qiymətləndirib və sərgi iştirakçılarına “Oxunması zəruri olan kitablar” siyasında yer alan kitablar təqdim edib.