Gəncə Dövlət Universitetinin professoru Vaqif Novruzov Naxçıvan Dövlət Universiteti tələbələri üçün onlayn seminar keçib

Gəncə Dövlət Universitetinin professoru Vaqif Novruzov Naxçıvan Dövlət Universiteti tələbələri üçün onlayn seminar keçib

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Botanika” kafedrası ilə Gəncə Dövlət Universitetinin əməkdaşları arasında onlayn seminar treninq keçirilib. Seminarı giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bu cür seminarların təşkilinin artıq universitetdə bir ənənə halı aldığını qeyd edib. Prorektor hər kəsi salamlayıb, seminarın işinə uğurlar arzulayıb.

 “Göbələklərin canlı sistemdə yeri, mövqeyi və təsnifatı” mövzusunda seminarı Gəncə Dövlət Universitetinin “Botanika” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov keçib. Qeyd edilib ki, heterofil orqanizmlər olan göbələklər canlı sistemdə ayrıca aləm təşkil edirlər. Bildirilib ki, göbələklər canlıların böyük qrupu olub, 100000-dən 250000-ə qədər nümayəndəni cəmləyir. Vurğulanıb ki, göbələklərin insan həyatında rolu böyük­dür, onlar insan üçün bir çox bioloji aktiv maddələrin sintezində yaxından iştirak edirlər. Göbələklərin ən böyük rolu tibb aləmindədir. Bununla bərabər göbələklər fizioloqların, genetiklərin, biofiziklərin və  mikoloqların tədqiqat obyektidir. Diqqətə çatdırılıb ki, amma göbələklər bitkilərdə və heyvanlarda bir çox xoşagəlməz xəstəliklər törədirlər, sənaye  məhsullarını, ərzaq məhsullarını, optik cihazları və kitabları xarab edib yararsız hala salırlar.

Sonda mövzu ilə bağlı  suallar cavablandırılıb.