
Gənclər arasında stolüstü və böyük tennis növü üzrə Muxtar Respublika çempionatı keçirilib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə stolüstü və böyük tennis növü üzrə gənclər arasında Muxtar Respublika çempionatı keçirilib. Yarışda 50-yə yaxın gənc oğlan və qızın iştirak etdiyi yarış 2 gün davam edib. Olimpiya sistemi üzrə Sahil Parkında keçirilən yarış maraqlı anlarla yadda qalıb. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin tələbələrinin iştirak etdiyi tennis komandası da bu yarışda olub. Qeyd edək ki, universitetin əcnəbi tələbələri də yarışda üstünlük təşkil edib. Gənc oğlanlar arasında keçirilən stolüstü tennis üzrə Naxçıvan Muxtar Respublika birinciliyində universitetin tələbəsi olan Babək Sobhanian I yeri tutaraq, bütün rəqiblərini üstələyib. Digər pillələrdə isə Memarlıq və mühəndislik fakültəsinin III kurs tələbəsi Əkrəm Rəhimli II, Məmməd Ali Kemand III yerdə qərarlaşıblar. Həmçinin gənc qızlar arasında keçirilən yarışda isə Xurşud Mahmudova II yeri qazanıb.
Böyük tennis üzrə keçirilən Muxtar Respublika birinciliyində Naxçıvan Dövlət Universitetinin tələbələri daha fəal olublar. Belə ki, oğlanlar arasında keçirilən yarışda universitetin tələbəsi Məmməd Ali Kemand I, Orxan Kolsani II, Əkrəm Rəhimli isə III yerə layiq görülüblər. Qızlar arasında keçirilən yarışı Aynur Məmmədova I, Göyərçin Məmmədova isə II yerdə başa vurublar.
Qeyd edək ki, qaliblər Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.