NDU-da Heydər Əliyev siyasi kursuna varislik adlı tədbir keçirilib

NDU-da Heydər Əliyev siyasi kursuna varislik adlı tədbir keçirilib

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm. Ulu Öndərin bu dəyərli fikirləri Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Təşkilatı və Beynəlxalq münasibətlər kafedrasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasi kursuna varislik: Qələbəyə aparan uğurlu diplomatiya” adlı elmi konfransda səsləndirilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, İkinci Qarabağ müharibəsində qazandığımız zəfərimiz Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməlin nəticəsidir. Bildirilib ki, xalqımız tam əmin idi ki, Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi də öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Rektor diqqətə çatdırıb ki, Vətən müharibəsində xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, şanlı, rəşadətli Azərbaycan Ordusunun şücaəti Azərbaycanın erməni faşizmi üzərində qələbənin əldə edilməsində həlledici rol oynadı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər, xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Rektor gənclərə ümummilli liderin siyasətini dərindən öyrənib bu örnək ideyaları gələcək nəsillərə çatdırmağı tövsiyyə edib.

Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov “Heydər Əliyevin xarici siyasət strategiyası və prioritetlər” mövzusunda çıxış edərək ümummilli liderin tarixi xidmətlərindən məlumat verib. Vurğulanıb  ki, Heydər Əliyev hakimiyyətinin hər iki dövründə Azərbaycanı dünyada tanıtmaq, müstəqillik illərində isə onu ən aparıcı dünya dövlətləri sırasına yüksəltməyi ən ali məqsədi sayırdı.

Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Təşkilatının fakültə sədri, “Beynəlxalq münasibətlər” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov “Milli maraqları əsas tutan balanslaşdırılmış diplomatiya” adlı çıxışında qeyd edib ki, bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasının əsas prinsipləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir.

“Beynəlxalq münasibətlər və diplomatiya”  ixtisası üzrə II kurs magistrant Aysu Cavadlının “İlham Əliyevin qətiyyətli diplomatiyası və 44 günlük Zəfər yürüşü” adlı çıxışı dinlənilib.

Konfransda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş tələbələrə üzvlük vəsiqələrinin təqdimatından sonra “Uğurlu diplomatiyanın Zəfər Meydanı” adlı sənədli filmə baxış olub.