Hər iki ali təhsil ocağının birgə təşəbbüsü ilə II Qarabağ müharibəsi qaziləriylə görüş keçirilib

Hər iki ali təhsil ocağının birgə təşəbbüsü ilə II Qarabağ müharibəsi qaziləriylə görüş keçirilib

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu tələbələrinin hazırladığı “Günümüzün qəhrəmanları” adlı tədbirdə II Qarabağ müharibəsində iştirak edən qazilər də iştirak edib. İnstitutun akt zanlında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Zəfər tarixini özündə əks etdirən videçarx nümayiş olunub.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov tədbiri giriş sözüylə açaraq 44 Günlük vətən müharibəsinində qazandığımız qələbənin Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı və xalqın güc birliyi sayəsində əldə olunduğunu xüsusi fəxr hissi ilə vurğulayıb. Rektor tələbələrin əməyini yüksək qiymətləndirib, birgə layihələrin əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, muxtar respublikada şəhidlərin xatirəsinə yüksək ehtiram, qazilərimizə göstərilən xüsusi dövlət qayğısı gənclərin bu istiqamətdə təşkil etdiyi tədbirlərin əsas başlanğıc meyarıdır.

Universitetin rektoru Elbrus İsayev Azərbaycanın 44 günlük Vətən müharibəsini dünya tarixində tayı-bərabəri olmayan bir müharibə və möhtəşəm qələbə kimi dəyərləndirib. Bildirilib ki, bu tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qələbəsidir, xalqımızın şanlı tarixidir. Hər iki ali təhsil müəssisələri tələbələrinin şəxsi təşəbbüsü sayəsində təşkil edilən tədbiri yüksək qiymətləndirən rektor vurğulayıb ki, bu cür tədbirlərin təşkili göstərir ki, gənclər muxtar respublikada həyata keçirilən nümunəvi vətənpərvərlik tərbiyəsini layiqincə mənimsəyiblər. Rektor diqqətə çatdırıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcək.

Qazilərimiz Nurlan Quliyev və Pənah Mahmudovun döyüş yolu haqda slayd təqdim edilib. Hər iki qazimiz öz çıxışında gənclərə vətənə məhəbbət, düşmənə nifrət hislərini ifadə edib, qalib ölkənin ordusunda döyüşməkdən fəxr duyduqlarını dilə gətiriblər. Ailə vəziyyəti subay olan qazilərimiz “Kaş şəhid olan ailəli hərbçilərimizin yerinə biz şəhid olardıq” ifadəsi onların həm vətənpərvər, həm də dostluqda, yoldaşlıqda sədaqətli olduqlarının ən təsirli ifadəsi kimi tədbirin ən təsirli məqamları kimi yadda qalıb.

Hər iki ali təhsil ocağının tələbələri vətən, Qarabağ, zəfər mövzularına və ən uca məqam olan şəhidlik zirvəsi haqda ədəbi-bədii kompozisiya nümayiş etdirib, şeirləri bədii qiraət ediblər.

Qazilər gənclərin suallarını cavablandırdıqdan sonra Naxçıvan Dövlət Universiteti “Rəngkarlıq” ixtisası üzrə II kurs tələbəsi Jalə Cəfərli, Naxçıvan Müəllimlər İnstitutu “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Təranə Zaidova çəkdikləri portretləri vətən müharibəsi iştirakçılarına təqdim ediblər.