
“Heydər Əliyevin dövlət idarəçilik konsepsiyası” mövzusunda NDU-da tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində ulu öndər Heydər Əliyevin dövlət idarəçilik konsepsiyasına həsr olunan tədbir keçirilib. Tədbirdə nazirliyin əməkdaşları, universitetin pedaqoji heyəti və tələbələri iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Dövlət Universitetinin dekanı Əşrəf Ələkbərov tədbiri giriş sözü ilə açaraq 2023-cü ilin Heydər Əliyev ili elan olunması ilə əlaqədar keçirilən tədbirlərin müstəsna əhəmiyyətindən bəhs edib, ulu öndərin Azərbaycan təhsilinə verdiyi töhfələrdən danışıb.
Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, universitetin müəllimi Səttar Zamanov “Heydər Əliyevin dövlətçilik irsi dövlətin kadr hazırlığının əsasını təşkil edir” mövzusunda çıxış edib. Heydər Əliyevin dövlət idarəçilik ideyaları, onun zəngin idarəçilik məktəbi barədə məlumat verib. Heydər Əliyevin dövlət idarəçiliyində səmərəliliyin artırılmasına xidmət edən ixtisaslı və peşəkar kadrların hazırlanması istiqamətində gördüyü işlərdən bəhs edib.
“Heydər Əliyevin milli dövlətçilik konsepsiyasının əsasları” mövzusunda Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi müavini əvəzi Ələkbər Hüseynov çıxış edərək bildirib ki, müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, məhz, ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir.
Sonra Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə I kurs tələbəsi Məmmədli Aftandil, həmin ixtisasın III kurs tələbələri Əsgərli Əziz və Rüstəmli Bilqeyis ümummilli lider Heydər Əliyevin dövlətçilik tarixində əvəzsiz xidmətlərindən, Azərbaycan gəncliyinin inkişafına verdiyi töhfələrdən danışıblar.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin mənalı ömür yoluna həsr olunan videoçarxa baxış olub.