Heydər Əliyev adına tam orta məktəbin şagirdləri Naxçıvan Dövlət Universitetində olublar

Tədbirdə çıxış edən Pedoqoji fakültənin dekanı, pedoqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev qonaqları salamlayaraq davamlı olaraq orta məktəb şagirdlərinin Texnologiya mərkəzinə gələrək məktəbdə “Texnologiya” fənnində öyrəndikləri nəzəri bilikləri burada təcrübi olaraq artırdıqlarını qeyd edib. Diqqətə çatdırılıb ki, “Texnologiya müəllimliyi” ixtisasında təhsil alan tələbələr burada dərslərdə öyrəndiklərini praktikada tətbiq edərək biliklərini möhkəmləndirirlər. Dekan şagirdləri qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edib, dərslərində uğurlar arzulayıb.

“Fənlərin tədrisi və metodikası” kafedrasının müdiri, pedoqogika üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva şagirdlərin gələcəkdəki peşə seçimlərində bu kimi görüşlərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, məktəblilərin müxtəlif peşələrə olan meyl və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara kömək göstərilməsi, şagirdləri yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəldilməsi baxımından bu kimi görüşlər xüsusilə önəmlidir.

Sonra şagirdlər mərkəzdə yerləşən kabinələrlə tanış olub. Onlar qədim xalq sənəti olan xalçaçılığın sirlərini öyrənərək onun incəliklərini mənimsəyib sərbəst şəkildə ilmə atma bacarığına yiyələniblər. Eyni zamanda şagirdlər qurama, istifadə müddəti bitmiş geyimlərdən xalçaların toxunmasının əyani şahidi olub, həmçinin müxtəlif qəliblərdə sabun və şamların hazırlanmasında həvəslə iştirak ediblər. Mərkəzin qonaqlarına həmçinin bədii tikmə, toxuma, məişətdə gündəlik istifadə edilən əşyaların hazırlanması qaydaları izah edilib.

Xüsusi maraqla qarşılanan “Kulinariya” kabinəsində isə şagirdlər “Yeni il” şirniyyatının hazırlanması prosesində yaxından iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev adına tam orta məktəbin 3-cü sinif şagirdlərinin iştirakı ilə baş tutan tədbirdə 22 məktəbli iştirak edib.