Əliyev Hüseynqulu Əli oğlu

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi

Təsviri incəsənət kafedrasının Professoru, Xalq rəssamı

03 fevral 1949-cu ildə Ordubad rayonunun Bist kəndində anadan olmuş, kənddəki, orta məktəbi bitirmişdir. 1971-1975-ci illər ərzində Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində, 1977-1982-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil almışdır. O, təsviri incəsənətin müxtəlif sahələrində: boyakarlıq, qrafika, heykəl­təraşlıq, dekorativ-tətbiqi sənət, teatr-dekorasiyası rəssamı, ge­yim eskizləri tərtibatçısı kimi fəaliyyət göstərir.Rəssamın əsərləri İranın Tehran, Təbriz, Xoy, Urmiya və digər şəhərlərində, Türkiyənin İğdır, Qars, Bursa, Ankara, İstanbul, Trabzon, Gürcüstanın Tiflis, Türkmənistanın Aşqabad, Rusi­yanın Moskva, Ukraynanın Kiyev, Xarkov, Koreyanın Seul şəhərlərində təşkil edilmiş sərgilərdə əsərləri nümayiş olunmuşdur. Bakıda bir sıra sərgilərdə iştirak etmiş, Naxçıvan şəhərində dəfələrlə fərdi sərgiləri keçirilmişdir. Hazırda rəssa­mın əsərləri İran, Türkiyə, Almaniya, Ukrayna və başqa ölkə­lərində şəxsi kolleksiyalarda saxlanır, Bakı və Naxçıvanın rəsm qalereyalarında sərgilənir, onlardan bir çoxları isə Naxçıvan Tarix muzeyinin, Ədəbiyyat muzeyinin, Cəmşid Naxçıvan­skinin ev muzeyinin, Cəlil Məmmədquluzadənin Naxçıvan Şəhərindəki və Nehrəm kəndindəki ev muzeylərinin, Hüseyn Cavidin ev muzeyinin, həmçinin Xatirə muzeyi, Şadlinski muzeyi və başqa muzeylərin dəyərli eksponatlarıdır.Hüseynqulu Əliyev 1982-1989-cu illərdə Naxçıvan Dövlət Rəsm Qalereyasında fond müdiri, 2000-2011-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vəzifəsində çalışmışdır. 1988-ci ildən Naxçıvan Dövlət  Musiqili Dram teatrının baş rəssamı, 2003-2019-cu illər ərzində Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində işləmişdir. Hal-hazırda Naxçıvan Dövlət Universitetinin professorudur.1988-ci ildə Naxçıvan MR əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar rəssamı, 2002-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. 1986-ci ildən SSRİ Rəssamlar İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının,  2000-ci ildən isə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2008-ci ildən dosent, 2017-ci ildən professor elmi adlarına layiq görülmüşdür.