I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında birgə əməkdaşlığa dair protokol imzalanıb

I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında birgə əməkdaşlığa dair protokol imzalanıb

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ikitərəfli görüşdə İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyevi və nümayəndə heyətini salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu bildirib.  Qeyd edilib ki, artıq 55 illiyi qeyd edilən universitetə ilk dəfə Ulu Öndər Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli Sərəncamı ilə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilib. Rektor qonaqları salamlayaraq ali təhsil ocağının malik olduğu imkanlar, fakültələr, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələr haqqında geniş məlumat verib. Xarici universitetlərlə ikili diplom layihəsi, tələbə-müəllim mobilliyinin ali təhsil ocağının beynəlxalq əlaqələr sistemində mühüm rol oynadığı diqqətə çəkilib.  Rektor ali təhsil ocağının Web of science indeks bazalarına malik jurnallarla əməkdaşlığa başladığını qeyd edib. Vurğulanıb ki, bu cür əlaqələrin qurulması gələcəkdə professor-müəllim heyətinin öz elmi məqalələrinin nüfuzlu jurnallarda nəşri üçün əhəmiyyətli rol oynayacaq. Elbrus İsayev qeyd edib ki, Tibb fakültəsində təhsil alan tələbələr universitet xəstəxanasında təcrübə keçməklə bərabər muxtar respublika xəstəxanalarından klinik baza kimi istifadə edirlər. Rektor həmçinin bildirib ki, gələcəyin həkimləri Türkiyə universitetləri ilə bağladığımız müqavilələrə əsasən orada təcrübə keçir, qardaş ölkə universitetlərinin təcrübəsindən yararlanırlar.

NDU-da olmaqdan məmnunluğunu bildirən I. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev bu cür mötəbər foruma ev sahibliyi etdiyi üçün ali təhsil ocağının kollektivini təbrik edib, I Beynəxalq Tibbi Forumunun yüksək səviyyədə təşkilindən danışıb. Rektor rəhbəri olduğu universitetin əsasının 15 may 2015-ci ildə qoyulduğunu qeyd edib. Vurğulanıb ki, filialın yaradılması haqqında qərar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında qəbul edilib və ilk tədris ilində filialda dövlət sifarişi əsasında 100 tələbə Müalicə işi ixtisası üzrə təhsil almağa başlayıb.  Bildirilib ki, filialda tədris fəaliyyəti İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Rektor gələcək həkimlərin praktiki vərdişlərinin yaxşılaşdırılması və mütəxəssislərin təkmilləşdirilməsi məqsədilə filialın bazasında yaradılmış Simulyasiya Mərkəzinin fəaliyyətindən danışıb.

Professor muxtar respublika xəstəxanalarında apardığı müayinə üsullarından danışaraq Naxçıvan səhiyyə sistemi üçün mövcud avadanlıqların yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, həkimlərin də yüksək  səy və həvəslə öyrənməyə meylli olduqları vurğulanıb.

Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub və protokol imzalanıb.

Protokolda birgə layihələrin həyata keçirilməsinə dəstək, məlumatın təqdim edilməsi və mübadiləsi, elmi-təcrübi konfransların, forumların, seminarların təşkili və onlarla birgə iştirak, ictimai təşkilatlarla və ekspert cəmiyyəti ilə qarşılıqlı əlaqə, təcrübəyə və ya təcrübəyə göndərilmə və qəbul, digər əməkdaşlıq növləri üzrə məsələlər öz əksini tapıb.

Leave a Reply

Your email address will not be published.