
İkinci Beynəlxalq İpək Yolu Konqresi keçirilib
İğdır Universitetində İğdır Universiteti, Naxçıvan Dövlət Universiteti, İKSAD və Səmərqənd Dövlət Memarlıq Universitetinin birgə təşkilatçılığı ilə İkinci Beynəlxalq İpək Yolu Konqresi keçirilib.
Plenar iclasda konqresin Təşkilat Komitəsindən Dr, Cavid Polad, Doc. Dr Yunis Tansu, fəxri qonaqlar İKSAD başkanı Mustafa Latif Emek, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və İğdır Universitetinin rektoru Mehmet Haqqı Alma çıxış ediblər.
Məruzələrdə Beynəlxalq Konqresin tarixi və iqtisadi, eyni zamanda, elmi və pedaqoji əhəmiyyətindən söz açılıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə dövlətlərinin tarixi dostluq və qardaşlıq əlaqələrinin inkişafında elmi əməkdaşlıqların rolu böyükdür. Müasir iqtisadi və sosial inkişaf mərhələlərində ölkələrin milli iqtisadiyyatlarının dünya iqtisadiyyatına inteqrasiyası proseslərində regional və beynəlxalq layihələrin icra olunduğunu diqqətə çatdıran məruzəçilər, bu sahədə tarixi İpək Yolunun önəminin daha da artdığını ifadə ediblər.
Plenar iclasdan sonra 15 bölmə üzrə öz işini davam etdirən konqresdə Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının, Əşrəf Ələkbərov, Hüseyn Rəsulzadə, Cavadxan Qasımov, Günay Məmmədova və Teymur Abbasovun məruzələri dinlənilib.