
“İlk tibbi yardım” simuliyasiyasının növbəti təqdimatı keçirilib
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin həkim, rezident və tələbələrinin ümumtəhsil məktəblərinin kollektivi ilə mütəmadi keçirdiyi tədbirlər çərçivəsində növbəti görüş Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə baş tutub. 2019-cu ildən ənənəvi olaraq keçirilən “Sağlam gənclik, sağlam gələcək” layihəsinin davamı olan tədbir gənclərə düzgün həyat tərzinin aşılanması və əhali arasında səhiyyə maarifi işinin təşkili məqsədilə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev qonaqları salamlayıb və tədbirin mahiyyəti ilə bağlı təəsüratlarını bölüşüb. Bildirib ki, mütəşəkkil surətdə həyata keçirilən bu tədbirlər həm şagirdlər, həm də tələbələr üçün böyük əhəmiyyət daşıyır.
Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsəvər Əsədov tədbirin məqsəd və vəzifələrindən danışıb. İlk tibbi yardımın önəminə diqqəti çəkən dekan gənclərin bu haqda bilik və təcrübəyə malik olmalarının vacibliyini qeyd edərək, şagirdlərlə keçirilən bu cür maarifləndirici görüşlərin faydasını vurğulayıb. Bildirib ki, keçirilən görüşlərin nəticəsində tibb sahəsinə marağı olan şagirdlər düzgün istiqamətləndirilir, ilk tibbi yardım barəsində biliklərə sahib olurlar.
Layihə rəhbəri, Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva layihənin perspektivləri haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, layihə davamlı olaraq muxtar respublikanın ümumitəhsil müəssisələrində keçirilməkdədir.
“İlk tibbi yardım” layihəsinin rəhbəri, Təməl tibb fənləri kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov layihənin başlamasının əsas istiqamətlərindən danışıb. O bildirib ki, layihənin əsas məqsədlərindən biri kimi, fövqəladə hallarda və ekstremal vəziyyətlərdə ilk yardımın göstərilməsi metodikasının anlaşıqlı formada təşviq edilməsinə ehtiyac var.
Sonra Tibb fakültəsinin tələbələri Bəxtiyar Hüseynovun rəhbərliyi ilə “Kliniki ölüm”, “Qanaxmalar”, “Zəhərlənmə və yanıqlar”, “Sınıqlar”, “Məktəblilərin düzgün qidalanması” adlı ilk tibbi yardım simulyasiyalarını əyani şəkildə nümayiş ediblər.